Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının sürətlə azalması barədə xəbərdarlıq edib

2026/03/1773466996.jpg
Oxunub: 367     19:21     13 May 2026    
İranla müharibənin yaratdığı tədarük problemləri səbəbindən dünya üzrə neft ehtiyatları sürətlə azalır və bu vəziyyət gələcəkdə qiymətlərin kəskin bahalaşması təhlükəsini yaradır.

Ordu.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında bildirilib.

“Həmişə görünməmiş tədarük pozuntuları ilə üzləşən idxalçı ölkələr səbəbindən dünya neft ehtiyatlarından rekord sürətlə istifadə olunur”, - deyə hesabatda qeyd edilib.

Agentlik bildirib ki, ehtiyatların sürətlə azalması yaxın gələcəkdə qiymətlərin ciddi artımına səbəb ola bilər.

Mart-aprel ayları ərzində dünya üzrə neft ehtiyatları 246 milyon barel azalaraq 7,9 milyard barelə düşüb.

Apreldə qlobal anbarlardan gündəlik çıxarılan neft həcmi Kanada və Böyük Britaniyanın ümumi gündəlik istehlakına yaxın olub.

Hörmüz boğazı vasitəsilə tədarük itkiləri artıq 1 milyard bareli keçib.

Artan çatışmazlıq nəticəsində müəssisələr və ev təsərrüfatları qiymət artımına və resurs çatışmazlığına reaksiya olaraq istehlakı azaltmağa başlayıb.

IEA-nın məlumatına görə, ən ciddi itkilər neft-kimya sektorunda müşahidə olunur. Burada neft və təbii qaz çatışmazlığı plastik, gübrə və dərman preparatları kimi həyati məhsulların istehsalını məhdudlaşdırır.

Dünyada aviareyslərin sayı normadan xeyli aşağı olaraq qalır. Bu isə Yaxın Şərqdən ixracın dayanmasından sonra demək olar üç dəfə artan aviasiya yanacağı qiymətlərinə təzyiqi qismən azaldır.

Agentlik qeyd edib ki, tələbatın genişmiqyaslı azalması müharibənin ilk günlərindən başlayan neft qiymətlərindəki sıçrayışla əlaqədardır.

IEA cari il üzrə qlobal neft tələbatı proqnozunu gündəlik 104 milyon barel səviyyəsinə endirib. Bu, müharibədən əvvəlki gözləntilərlə müqayisədə gündəlik 1,3 milyon barel azdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IEA   Neft  


Bizi "telegram"da izləyin