Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin büdcə sənədlərinə əsasən, “Lockheed Martin” istehsalı F-16 döyüş təyyarələrini modernləşdirmək məqsədilə 206 ədəd AN/ALQ-257 İnteqrasiya edilmiş “Viper” Radioelektron Mübarizə Sistemi alınacaq.
2028-ci ilin əvvəlindən etibarən təyyarələrə inteqrasiya olunması gözlənilən bu sistem müasir radio tezlikli təhdidlərə qarşı radioelektron hücum, dəstək və müdafiə imkanlarını ən yüksək səviyyəyə qaldıracaq.
“Northrop Grumman”ın Strateji və Tapşırıq Həlləri direktoru Mark Sandor sistemin əhəmiyyətini belə yekunlaşdırıb: “Bu sistem əslində dördüncü nəsil platformaya altıncı nəsil radioelektron müharibə imkanları qazandırmaq deməkdir”.
Türkiyə IVEWS-in ilk böyük xarici müştərisi olub
Türkiyənin IVEWS sisteminə marağı ilk dəfə 2024-cü ildə müdafiə nəşri “Janes” tərəfindən açıqlanmışdı. “Northrop Grumman” vitse-prezidenti Ceyms Konroy verdiyi açıqlamada Türkiyənin IVEWS proqramı çərçivəsində şirkətin ilk böyük Xarici Hərbi Satış müştərisi olduğunu təsdiqləyib.
Konroy əməkdaşlıq çərçivəsində Türkiyəyə mövcud və yeni alınacaq F-16-lar üçün 150-dən çox radioelektron mübarizə sisteminin təhvil veriləcəyini bildirib. Mövcud türk F-16 parkı bu yeni nəsil sistemlə yenilənərək yaşama qabiliyyətini artıracaq. Türkiyə bu sistemi seçən iki xarici hava qüvvəsindən biri olmaq xüsusiyyətini daşıyır.
Yerli layihələrlə tam inteqrasiya
Türkiyənin bu modernləşdirmə addımı yerli ÖZGÜR layihəsi ilə paralel strategiya izləyir. Ankara ASELSAN və TUSAŞ rəhbərliyində hazırlanmış milli uçuş kompüteri, avionik sistemlər və AESA radar layihələrini IVEWS ilə dəstəkləyərək hibrid və güclü müdafiə arxitekturası yaratmağı hədəfləyir.
Xüsusilə F-16 “Blok 70” tədarük proqramına daxil olan SABR AESA radarları ilə IVEWS sisteminin “problem olmadan” işlədiyi sınaqlarla sübuta yetirilib.
Sınaq prosesi və seriya istehsalına hazırlıq
2019-cu ildə ABŞ Hərbi Hava Qüvvələri tərəfindən seçilən IVEWS 2021-ci ildəki “Northern Lightning” təlimində ilk uçuşunu uğurla həyata keçirib. 2024-cü ildə başlayan F-16 platforması sınaq uçuşlarından sonra əməliyyat qiymətləndirmə prosesi 2025-ci ildə tamamlanıb.
Proqramın direktoru Fill Louden sistemin sabitliyinə diqqət çəkərək deyib: “Avadanlıq və proqram təminatı inanılmaz dərəcədə sabitdir. Hərbi Hava Qüvvələri həqiqətən aqressiv şəkildə sürətlənir”. Layihə 2025-ci ildə aşağı həcmli ilk istehsalı dəstəkləmək məqsədilə 187 milyon dollarlıq razılaşma fondu alaraq seriya istehsal mərhələsinə bir addım daha yaxınlaşıb.
Kritik prioritet: yaşama qabiliyyəti
Dünyada 20-dən çox ölkədə təxminən 2800 ədəd aktiv F-16 olduğu nəzərə alınsa, IVEWS sisteminə beynəlxalq marağın artacağı gözlənilir. Müdafiə mütəxəssisləri xüsusilə qabaqcıl hava hücumundan müdafiə sistemlərinin olduğu yüksək təhdid mühitlərində bu tip radioelektron mübarizə paketlərinin təyyarə və pilot təhlükəsizliyi üçün artıq seçim deyil, zərurət olduğunu vurğulayırlar.
Sevinc Əliyeva
Ordu.az