“Mavi Vətən”in səssiz silahı MALAMAN seriya istehsal mərhələsindədir

2026/05/1778680244.jpg
Oxunub: 543     17:45     13 May 2026    
MKE tərəfindən istehsal edilən MALAMAN ağıllı dəniz minası seriya istehsal mərhələsinə çataraq Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil olmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, sistemin inkişaf prosesinə dair “SavunmaSanayiST.com”a açıqlama verən MKE Baş direktoru İlhami Keleş MALAMAN-ın klassik minalardan fərqli olaraq tamamilə ağıllı sensor arxitekturası ilə işlədiyini və hədəf ayırd edə bildiyini bildirib.

Keleş sistemin strateji əhəmiyyətini vurğulayaraq qeyd edib: “Son vəziyyəti əslində Hörmüz boğazı izah etdi, mənim izah etməyimə ehtiyac yoxdur. Orada istifadə olunan minalar daha konvensional minalardır, daha aşağı texnologiyalı minalardır. Amma bu, hazırda ən qabaqcıl texnologiyalı minadır”

MALAMAN-ın klassik dəniz minalarından fərqləndiyi ən mühüm cəhət hədəf ayırdetmə infrastrukturudur. Sistem təxminən 50-100 metr dərinlikdə uzun müddət passiv vəziyyətdə gözləyə bilir. Havadan buraxıla bilən mina suüstü platformalar və ya sualtı qayıqlar vasitəsilə də yerləşdirilə bilir.

Sistem bölgədən keçən platformaların akustik və sonar izlərini analiz edərək hədəf qiymətləndirməsi aparır. Hər döyüş gəmisinin özünəməxsus “akustik barmaq izi” olduğunu bildirən İlhami Keleş MALAMANın bu məlumatları öz təhdid kitabxanası ilə müqayisə edərək qərar verdiyini qeyd edib.

Keleş deyib: “Yeddi müxtəlif sensor istifadə edir və bu sensor birləşməsi ilə həmin gəminin dost, yoxsa düşmən olduğuna qərar verir. Əgər düşməndirsə partlayır, dostdursa partlamır”.

Passiv quruluşu ilə aşkarlanması çətinləşir

Sistem heç bir siqnal yaymadığı üçün aktiv sonar izi yaratmır. Bu da onu klassik mina axtarma sonarları qarşısında ciddi şəkildə aşkarlanması çətin sistemə çevirir.

Minanın gövdə quruluşunun da aşağı radara görünmə təmin edəcək şəkildə inkişaf etdirildiyini bildirən Keleş sistemin bir müddət sonra dəniz dibindəki qum və çöküntü ilə örtülərək ətraf mühitə uyğunlaşdığını söyləyib.

Gerçək partlayışlı sınaqda 2.2 ballıq seysmik təsir yaranıb

İlhami Keleş MALAMAN-ın sınaq fəaliyyətlərinin Türkiyə Hərbi Dəniz Qüvvələri ilə birlikdə aparıldığını açıqlayıb. Türkiyə sahillərində bir bölgədə keçirilən gerçək partlayışlı sınaq zamanı təxminən 2.2 bal gücündə seysmik təsir yarandığını bildirən Keleş sistemin artıq prototip mərhələsini geridə qoyduğunu deyib.

“Gerçək partlayış etdik. Çünki artıq Hərbi Dəniz Qüvvələrinin inventarına girir, bunlar layihə deyil artıq, seriya istehsalı məhsuludur”, - deyə Keleş qeyd edib və sistemin əməliyyat inkişafı səviyyəsinə çatdığını bildirib.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin MALAMAN üçün yeni variant layihələri başladığını açıqlayan İlhami Keleş bildirib: “Üç tərəfi dənizlərlə əhatə olunmuş, limanları olan, boğazları olan bir ölkə olaraq bu qabiliyyətə sahib olmaq “Mavi Vətən” üçün çox dəyərlidir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mavi-Vətən   MALAMAN  


Bizi "telegram"da izləyin