Dövlət Duması Putinə xaricdəki rusları “qorumaq” üçün başqa ölkələrdə qoşun yerləşdirmək səlahiyyəti verib

2026/05/1778678935.jpg
Oxunub: 511     17:21     13 May 2026    
Rusiya Dövlət Duması çərşənbə günü prezidentin xaricdə silahlı qüvvələrdən istifadə səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanunu ikinci və üçüncü oxunuşda yekdilliklə qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“Vətəndaşlıq haqqında” və “Müdafiə haqqında” qanunlara edilən dəyişikliklərə əsasən, Vladimir Putin bundan sonra Rusiya vətəndaşları xaricdə “həbs, saxlanma və ya cinayət təqibi” ilə üzləşərsə, ordudan onların müdafiəsi üçün istifadə edə biləcək.

Söhbət xüsusilə Rusiyanın yurisdiksiyasını tanımadığı beynəlxalq məhkəmə orqanları və ya xarici məhkəmələr tərəfindən rusiyalıların həbs olunması hallarından gedir.

Dövlət Dumasının mətbuat xidməti bildirib ki, qanun vətəndaşların “qeyri-dost dövlətlərin qanunsuz hərəkətlərindən” müdafiəsinin gücləndirilməsinə yönəlib.

“Təhlükəsizlik haqqında” federal qanunun hazırkı redaksiyasına əsasən, prezident başqa dövlətlərin və ya beynəlxalq qurumların qərarları “Rusiya Federasiyasının maraqlarına” və ya “Rusiyanın ictimai hüquq qaydasının əsaslarına” zidd olduqda qoşunları xaricə göndərmək hüququna malikdir.

Putinin ordudan xaricdə istifadə səlahiyyətlərinin genişləndirilməsi qərarı NATO-nun aparıcı ölkələrinin bir sıra xəbərdarlıqlarından sonra qəbul edilib.

Həmin ölkələr Kremlin Avropanın bir və ya bir neçə dövləti ilə mümkün hərbi toqquşmaya hazırlaşdığını iddia edirlər.

Qeyd olunur ki, ötən ilin yayında Almaniya kəşfiyyatının rəhbəri Baltikyanı ölkələrdə “Krım ssenarisi” üzrə mümkün Rusiya təxribatları barədə xəbərdarlıq etmişdi.

Bu proqnozlara Danimarka kəşfiyyatı da əlavə olunaraq Rusiyanın hərbi potensialının yaxın beş il ərzində Avropaya qarşı genişmiqyaslı müharibə başlatmağa imkan verdiyini bildirmişdi.

ABŞ kəşfiyyatı isə 2026-cı ilin mart ayında Putinin Ukrayna münaqişəsini “şüurlu şəkildə eskalasiya” edə biləcəyi, hətta NATO ilə birbaşa toqquşma və nüvə silahından istifadə təhdidinə qədər gedə biləcəyi barədə xəbərdarlıq edib.

Niderlandın MIVD kəşfiyyat xidmətinin məlumatına görə, Kremlə NATO ilə “regional münaqişə” üçün kifayət qədər qüvvə toplamaq məqsədilə təxminən bir il lazım olacaq.

MIVD hesab edir ki, Rusiyanın mümkün hücumunun məqsədi Alyansı hərbi cəhətdən məğlub etmək deyil, “məhdud ərazi qazancları vasitəsilə siyasi parçalanma yaratmaqdır”.

Kəşfiyyatçılar Moskvanın bu nəticəyə nail olmaq üçün nüvə şantajına da əl ata biləcəyini istisna etmirlər.

Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) ekspertləri hələ ötən ilin oktyabrında Rusiyada belə bir münaqişəyə hazırlığın “sıfır mərhələsinin” artıq başladığını bildirmişdilər.

ISW analitiklərinin fikrincə, bunu ölkənin qərb sərhəd bölgəsində hərbi dairələrin yenidən təşkili və Finlandiya sərhədində yeni hərbi bazaların yaradılması sübut edir.

Bundan əlavə, diversiyalar, radioelektron mübarizə vasitələrinə müdaxilələr, GPS siqnallarının boğulması, yanğınlar və hava məkanında mütəmadi təxribatlar da hazırlıq addımları kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dövlət-Duması   Putin  


Bizi "telegram"da izləyin