Ordu.az xəbər verir ki, bununla Polşanın NATO daxilində aşağı xərcli pilotsuz uçuş aparatı ovçusu turboprop konsepsiyanı əməliyyat səviyyəsinə daşımağı hədəfləyən ilk hava qüvvələrindən biri olması gözlənilir.
Qərarın arxasında Ukraynanın sovet mənşəli “Antonov An-28” platformaları ilə əldə etdiyi əməliyyat uğuru dayanır. Ukraynanın xüsusilə “Shahed” tipli kamikadze pilotsuz uçuş aparatlarına qarşı istifadə etdiyi silahlı “An-28”lər aşağı xərcli hava hücumundan müdafiə həlli kimi diqqət çəkib.
Polşa Hərbi Hava Qüvvələrinin komandanı İreneusz Novak verdiyi açıqlamada ilk silahlı M28 prototipinin pulemyot inteqrasiyası çərçivəsində modernləşdiriləcəyini bildirib.
Novak Ukraynanın An-28 əsaslı həllinin sahədəki uğuruna diqqət çəkərək Polşanın da oxşar konsepsiyanı dəyərləndirdiyini qeyd edib. Açıqlamaya görə, platformanın aşağı hündürlükdə uçan kamikadze pilotsuz uçuş aparatlarına qarşı istifadə olunması planlaşdırılır.
Hazırda Polşa inventarında təxminən 24 ədəd M28 “Skytruck” mövcuddur. Platformalar əsasən nəqliyyat tapşırıqlarında istifadə edilir.
Ukraynanın “An-28” konsepsiyası diqqət çəkib
Ukraynanın istifadə etdiyi “An-28” platformaları ilkin mərhələdə qapıya quraşdırılmış altı lüləli M134 “Minigun” sistemi ilə təchiz olunub. Dəqiqədə 3-6 min mərmi ata bilən sistem xüsusilə gecə tapşırıqlarında “Shahed” tipli kamikadze pilotsuz uçuş aparatlarına qarşı istifadə edilib.
Platformada əlavə olaraq infraqırmızı kamera sistemindən də istifadə olunduğu bildirilir. Heyət müəyyən edilən pilotsuz uçuş aparatlarına yaxın məsafədən nişanalma həyata keçirərək aşağı xərcli qarşısınıalma təmin edə bilir.
Daha sonra Ukraynanın “An-28” platformalarını qarşılayıcı pilotsuz uçuş aparatları buraxa biləcək şəkildə inkişaf etdirdiyi də məlum olub.
Qısa zolaq qabiliyyəti önə çıxır
Həm “An-28”, həm də M28 platformaları qısa uçuş-enmə zolağından qalxma və enmə qabiliyyəti ilə seçilir. Bunun sayəsində təyyarələr ön baza bölgələri, müvəqqəti hava meydanları və məhdud infrastruktura malik ərazilərdən əməliyyat həyata keçirə bilir.
Xüsusilə intensiv pilotsuz uçuş aparatı təhdidi altında dağınıq yerləşdirmə konsepsiyası baxımından bu qabiliyyətin mühüm üstünlük yaratdığı qiymətləndirilir.
Silahlı turboprop platformalar döyüş təyyarələri və “yer-hava” raket sistemləri ilə müqayisədə daha aşağı nişanalma xərcinə malikdir.
Yüksək sursat tutumu, uzun havada qalma müddəti və aşağı əməliyyat xərci bu tip platformaları xüsusilə kamikadze pilotsuz uçuş aparatı sürülərinə qarşı diqqətçəkən həllə çevirir.
“Apache”, AW149 və APKWS inteqrasiyası da gündəmdədir
Polşa yalnız M28 platforması ilə kifayətlənmir. Bundan əlavə AH-64E “Apache” hücum helikopterləri ilə AW149 ümumi təyinatlı helikopterlərini də pilotsuz uçuş aparatlarını qarşılayan tapşırıqlarda istifadə etməyi hədəfləyir.
Bununla yanaşı ABŞ istehsalı APKWS lazerlə idarə olunan 70 mm raketlərinin Polşa Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarələri və FA-50 yüngül hücum təyyarələrinə inteqrasiyası üzərində də iş aparılır.
Varşava rəhbərliyi artan Rusiya pilotsuz uçuş aparatı təhdidinə qarşı çox təbəqəli və aşağı xərcli hava hücumundan müdafiə arxitekturası yaratmağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az