Ordu.az xəbər verir ki, Teo Franken Türkiyə Müdafiə Sənayesi Komitəsində keçirilən “Türkiyə-Belçika Müdafiə Sənayesi Günü” tədbirində çıxış edib.
“Ən vacib məsələ əlaqələr və müqavilələrdir”
Franken çoxsaylı iş planları və imkanları olan sahibkarlarla dolu zalda olduqlarını vurğulayaraq bildirib ki, bu gün görülməli ən vacib iş əlaqələr qurmaqdır.
O qeyd edib ki, xarici ticarətdə onun üçün ən vacib məsələ “əlaqələr və müqavilələrdir” və həmin əlaqələr bu gün burada mövcuddur.
Belçikalı nazir bildirib: “Bu axşam bəzi müqavilələr imzalayacağıq. Bəli, düşünürəm ki, 7 və ya 8 müqavilə olacaq. 1 və ya 2-si isə gözləmə mərhələsindədir. Ümid edirəm ki, bu gecə ortaq mətn və ortaq zəmin taparaq razılaşma imzalayacağıq. Ən vacibi budur”.
“Türkiyə bizdən çox irəlidədir”
Franken üç il əvvəl NATO Parlament Assambleyası ilə birlikdə “Baykar”ı ziyarət etdiyini xatırladaraq bunları deyib:
“Baykar”da gördüklərim, bütün o imkanlar, yeni texnologiyalar, innovasiya, elmi-tədqiqat və təcrübi-konstruktor işləri, əzm və inkişaf mənim üçün inanılmaz idi. Belçikaya qayıdarkən həmkarlarıma dedim ki, “Ötən həftə gördüklərim həqiqətən təsiredici idi. Türkiyə bizdən çox irəlidədir və biz də sürətlənməliyik. Biz də ordumuzu, silahlı qüvvələrimizi modernləşdirməli və daha çox insansız sistemlərə, innovasiyaya, silahlı qüvvələrimizin uyğunlaşmasına doğru dəyişiklik etməliyik. Onların burada etdikləri budur. Bizim də etməli olduğumuz budur”.
Belçikanın müdafiə büdcəsi 60 faiz artırılır
Bu səbəbdən müdafiə naziri olduğu dövrdə ilk gördüyü işin dünyanın ilk “pilotsuz uçuş aparatı generalını” təyin etmək olduğunu bildirən Franken qeyd edib: “Belçika silahlı qüvvələrimizi müdafiə baxımından gücləndirir. Büdcəmizi 60 faiz artırırıq. NATO müttəfiqləri arasında ən böyük artımı biz həyata keçiririk. Gələcəkdə isə daha çox iş görəcəyik”.
Franken çoxsaylı imkanların mövcud olduğunu və bunları bu gündən etibarən dəyərləndirməyə başlamağa ümid etdiklərini qeyd edib.
Haluk Görgün: Tarixi səfər
Haluk Görgün də çıxışında iki ölkənin müdafiə sənayeləri ilə güc və imkanları arasında yaranan dostluğun əhəmiyyətinə diqqət çəkib.
Görgün bildirib ki, bu əməkdaşlıq həm ölkələrin öz ehtiyacları, həm müttəfiqlər, həm də üçüncü bazarlar üçün mühüm imkanlar təqdim edir.
“Müdafiə sənayemiz üçün tarixi səfər”
Belçikanın müdafiə naziri Teo Frankenin IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət etdiyini xatırladan Görgün deyib: “Əlahəzrətlərinin və Belçikadan gələn bu böyük nümayəndə heyətinin səfəri müdafiə sənayemiz üçün tarixi səfərdir. Hər iki tərəfin bu səfərə töhfə verəcəyinə və iki ölkə arasındakı münasibətləri növbəti səviyyəyə yüksəldəcəyinə inanırıq”.
4 mindən çox şirkətlə əməkdaşlığa açıq
Ankarada təmaslarda olan şirkət və iş adamlarının yüksək motivasiyaya malik olduğunu vurğulayan Görgün bildirib: “Biz yalnız 7-8 müqavilə ilə məhdudlaşmırıq. Platforma səviyyəsindən sistem və altsistem səviyyəsinə qədər hər mərhələdə əməkdaşlığa açığıq. Türkiyədə müdafiə sənayesi üçün çalışan 4 mindən çox şirkətimiz var”.
Görgün NATO Zirvəsi və Müdafiə Sənayesi Forumu öncəsi yeni əməkdaşlıqların elan edilə biləcəyini qeyd edərək, səfərin iki ölkə münasibətlərinə mühüm töhfə verəcəyini söyləyib.
Sevinc Əliyeva
Ordu.az