Ordu.az xəbər verir ki, bu barədə “NBC News” rəsmi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı bu addımın İran tərəfindən Fars körfəzi ölkələrinə qarşı yeni hücumlara səbəb ola və münaqişəni yenidən alovlandıra biləcəyindən ehtiyat edir.
“NBC News” daha əvvəl Vaşinqtonun əməliyyata Fars körfəzindəki əsas müttəfiqlərini əvvəlcədən məlumatlandırmadan başladığını bildirmişdi.
Buna cavab olaraq krallıq ABŞ-yə bildirib ki, Amerika hərbçilərinin Ər-Riyadın cənub-şərqində yerləşən “Şahzadə Sultan” aviabazasından havaya qalxmasına və ya Səudiyyə Ərəbistanının hava məkanından keçərək bu əməliyyata dəstək verməsinə icazə verməyəcək.
Rəsmilərin sözlərinə görə, Tramp əməliyyat başladıqdan 36 saat sonra onu dayandırıb və hava məkanı yenidən açılıb.
“Azadlıq” layihəsi Tramp administrasiyasının ABŞ və İsrail arasında müharibənin başlanmasından sonra İran tərəfindən bağlanan Hörmüz boğazında nəqliyyat hərəkətini təmin etmək cəhdi olub.
Əməliyyat aprelin 8-də sülh sazişi bağlanması məqsədilə elan edilən atəşkəsdən sonra başlayıb. ABŞ və İran hazırda danışıqlar aparırlar.
Regionun bəzi digər ölkələri ilə müqayisədə Səudiyyə Ərəbistanı hələ də Hörmüz boğazından keçmədən neft ixrac edə bilir.
Fars körfəzindən Qırmızı dənizə qədər 750 mil uzanan Şərq-Qərb boru xətti boğazı yan keçərək gündə milyonlarla qallon neft ixrac etməyə imkan verir.
Telekanalın qeyd etdiyi kimi, əgər boğaz bağlı qalsa və ya tranzit üçün həddindən artıq təhlükəli olsa, bu boru xətti səudiyyəlilər üçün daha sərfəli olacaq. Çünki onlar yenə də nefti regiondan çıxara biləcəklər.
“Səudiyyə Ərəbistanı Krallığı gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınması, danışıqlar və bununla bağlı səylərin dəstəklənməsi mövqeyində qalır”, - deyə Səudiyyə Ərəbistanının ictimai diplomatiya üzrə xarici işlər nazirinin müavini Raed Krimli bildirib.
Yaxın Şərq ölkəsinin hökumət nümayəndəsi qeyd edib ki, krallıq diplomatiyaya üstünlük verir, lakin özünümüdafiə hüququnu özündə saxlayır və Fars körfəzi müttəfiqlərinin özlərini müdafiə etmək hüququnu dəstəkləyir.
“Azadlıq” layihəsinin həyata keçirilmə üsulu riskli idi və eskalasiyaya səbəb ola bilərdi”, - deyə rəsmi şəxs bildirib.
Onun sözlərinə görə, Fars körfəzi müttəfiqləri “fəlakətli” zərbələrə məruz qala bilərdilər.
“Bir neçə saat ərzində hər şey həll olundu və göründüyündən daha az dramatik idi”, - deyə telekanalın həmsöhbəti qeyd edib.
Rəsmi şəxs bildirib ki, əvvəllər bu məsələlər bir neçə telefon danışığı ilə həll edilə bilərdi, “lakin bu gün yaşadığımız dünyada sosial şəbəkələrdə məlumatın tələsik paylaşılması hər şeyi ön plana çıxarır”.
Ağ Evin yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, ABŞ administrasiyası “Azadlıq” layihəsinin yenidən başlayıb-başlamayacağı və nə vaxt başlayacağı ilə bağlı məlumat verməyib, Prezident isə bütün mümkün variantları özündə saxlayır.
“Əsas diqqət razılaşmanın əldə olunmasına yönəlib”, - deyə Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndəsi bildirib.
Rəsmilərdən biri qeyd edib ki, Fars körfəzi müttəfiqlərinin narahatlıqları davam etdiyi üçün əməliyyat yaxın vaxtlarda bərpa olunmayacaq.
Səudiyyəlilər və digər Fars körfəzi müttəfiqləri Tramp administrasiyası və ABŞ hərbi rəsmiləri ilə danışaraq əməliyyatın həddindən artıq riskli ola biləcəyini və ABŞ-nin İranın mümkün cavab addımlarına necə reaksiya verəcəyini soruşublar.
ABŞ isə açıq şəkildə bildirib ki, sülh sazişi prioritet məsələdir və Vaşinqton böyük ehtimalla bu istiqamətdə razılığa gələcək.
Amerikalı rəsmilər qeyd ediblər ki, regionun infrastrukturuna İran tərəfindən zərbələr endirilərsə, ABŞ buna cavab verməyəcək.
Sevinc Əliyeva
Ordu.az