Ermənistanın müdafiə naziri: “Zəngəzurda sülh və TRIPP var”

2026/05/1778346589.jpg
Oxunub: 524     21:08     09 May 2026    
“Sonuncu dəfə bu meydanda 2021-ci ildə icma rəhbəri seçkiləri zamanı çıxış etmişdim. Payız, oktyabr və ya noyabr ayı idi. Bu, sərhəddə Silahlı Qüvvələri sərhədçilərin əvəz etdiyi, Çakaten yolunun isə qısa müddətə bağlandığı mərhələ idi”.

Ordu.az xəbər verir ki, bunu bu gün “Vətəndaş Müqaviləsi” partiyasının Qafan şəhərində keçirilən seçkiqabağı mitinqində Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.

“Yəqin ki, xatırlayırsınız, müxalifət nə qədər səs-küy qaldırmışdı. Həmin seçkilər zamanı onlar Zəngəzurun təhvil verilməsindən, dəhlizin verilməsindən danışırdılar. Beş il keçib. Hökumətimiz öz sözünü tutub. Sülh və TRIPP (Zəngəzur dəhlizi-red.) var ki, bu da Zəngəzurun inkişafının mühüm əsaslarından birinə çevriləcək”, - deyə o qeyd edib.

Papikyan, həmçinin bildirib: “Və təhlükəsizlikdən danışdığımız üçün qeyd edim ki, o zaman müdafiə naziri olacağımı bilmirdim, taleyin hökmü ilə müdafiə naziri oldum. Bu müddət ərzində hökumətimiz Zəngəzurun möhkəmləndirilməsi, Ermənistan ordusunun Zəngəzurda gücləndirilməsi istiqamətində böyük işlər görüb.

Həmkarımın da qeyd etdiyi kimi, sizlərin çoxu görüb və bilir ki, biz çoxlu möhkəmləndirilmiş rayonlar inşa etmişik. Onlardan 22-si Zəngəzurda yerləşir və 33 sahəni əhatə edir ki, bu da 40 milyard dram təşkil edir.

Lakin bu, hələ son deyil. Çünki tikinti davam edir və bu, Nikol Paşinyan hökumətinin Ermənistanın onurğa sütunu olan Zəngəzura münasibətinin göstəricisidir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan  


Bizi "telegram"da izləyin