Zurabyan: “Paşinyan Ermənistanı Azərbaycanın idarəçiliyinə verir”

2026/05/1778324173.jpg
Oxunub: 536     14:54     09 May 2026    
“Nikol Paşinyan belə təqdim etməyə çalışır ki, Ermənistanın Azərbaycana qarşı hansısa ərazi iddiaları olub və ölkə təcavüz həyata keçirib”.

Ordu.az xəbər verir ki, bunu “Erməni Milli Konqresi”nin sədr müavini və partiyanın baş nazir postuna namizədi Levon Zurabyan jurnalistlərlə söhbəti zamanı deyib.

“2008-ci ildə Nikol Paşinyan birinci prezident Levon Ter-Petrosyanı müdafiə edir, onu “qalib prezident” adlandırır, Qarabağ siyasətini tərifləyirdi. İndi isə sual yaranır ki, nə dəyişib?”, - deyə Zurabyan bildirib.

O qeyd edib ki, 2008-ci ildən sonra Paşinyan Ermənistan rəhbərinə çevrilib və 5000 insanın həyatını itirməsinə səbəb olub.

“Bu məsələ Nikol Paşinyanı qəbirə qədər və hətta qəbirdə də təqib edəcək. Çünki o, erməni xalqı və tarix qarşısında törətdiyi cinayətlərə görə məsuliyyət daşıdığını bilir. Bu ona gecələr yatmağa imkan vermir. Tarixi günah onun üzərindədir və buna görə də hansısa çıxış yolu tapmalıdır. Çıxış yolu isə öz məğlubiyyətini böyük qələbə və xilas kimi təqdim etməkdir.

Amma əslində bütün bunlar blef və aldatmadır. Çünki o, bütün bu uğursuzluqlardan, cinayətlərdən və itkilərdən sonra belə Ermənistanın yolunu bilmir”, - deyə Zurabyan bildirib.

Ermənistanın Avropa İttifaqına doğru getdiyinə dair bəyanatlara münasibət bildirən Zurabyan qeyd edib ki, Avropa İttifaqının genişlənmə proqramında Ermənistanın adı yoxdur.

“Yəni Avropa İttifaqı belə bir prosesi nə planlaşdırır, nə də düşünür. Amma Nikol Paşinyan göstərməyə çalışır ki, guya biz Avropa İttifaqına gedirik. Nikol Paşinyanın təklif etdiyi və guya sülh adlandırdığı model elə bir Ermənistan modelidir ki, onun sahibi Azərbaycan olacaq. O, sadəcə Ermənistanı Azərbaycanın idarəçiliyinə verir”, - deyə o bildirib.

Zurabyan əlavə edib ki, bu siyasətlə Ermənistan Rusiyanı Türkiyə ilə deyil, Azərbaycanla əvəz edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zurabyan   Paşinyan  


Bizi "telegram"da izləyin