44 Günlük Müharibə: Fərarilik, geriçəkilmə və cavabsız qalan DETALLAR

2026/05/9ac9e-1778230648.jpg
Oxunub: 417     16:49     09 May 2026    
“Güclü Ermənistan” partiyasının təhlükəsizlik komandasının rəhbəri, polkovnik-kəşfiyyatçı Artur Avanesyan (Kandaz) martın 31-də Anna Hakopyanın 2023-cü il aprelin 1-də Tavusa səfəri zamanı səsləndirdiyi 44 günlük müharibə dövründə 11 min fərarinin olması barədə bəyanatını xatırlatmış, daha sonra vurğulamışdı: “Bizim əsgərlərimiz fərari deyildilər, onlar “şir kimi” döyüşürdülər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “44 günlük müharibə ilə bağlı Papikyanın ehtiyatkarlığı və Ohanyanın Baş Qərargah istiqamətində dolayısı ilə atdığı oxlar” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, Anna Hakopyan kəşfiyyatçının xatırlatmasına cavabsız qalmamış və belə yazmışdı: “Mən bu şəxsi 44 günlük müharibə zamanı xatırlaya bilmirəm. Gözümə ilişsəydi, mütləq yadımda qalardı və, əlbəttə, təsirlənərdim, çətin ki, unudardım. Həm müharibə barədə informasiyalılığı, həm də daxili erməni məkanında cəmi bir ay əvvəlki sensasion xəbər barədə informasiyalılığı bir-birinə düz mütənasibdir. Aydındır ki, bu iki mövzudan da heç bir anlayışı (xəbəri) yoxdur”.

Müəllifin sözlərinə görə, 2020-ci il müharibəsi zamanı fərarilik halları, əlbəttə, olub, amma sual budur ki, nə qədər olub, müntəzəm ordudan, yoxsa təsadüfən döyüş meydanında tapılan ehtiyat qüvvələrdən və ya könüllülərdən olub və buna nə səbəb olub?

“Anna Hakopyan yazısında sanki əsgərin fərari olmaması faktını, başqalarının bu kimi həssas məsələlər barədə məlumatlılıq səviyyəsini şübhə altına alır, halbuki onun ciddi informasiya bazasına sahib olduğuna şübhə etmirik.

Üstəlik, mümkündür ki, Nikol Paşinyanın nümunəsində olduğu kimi, onun əlində olan bir çox məlumatı nə 44 günlük müharibə üzrə istintaq komissiyası, nə də hüquq-mühafizə orqanları bilmir. Niyə? Belə həcmli informasiya bazasına sahib olmaq və onu tam şəkildə müvafiq orqanlara ötürməmək konkret məsuliyyət yaratmırmı?

Biz isə fərariliklə bağlı yeni məlumat əldə etmək məqsədilə aprelin 1-də Ermənistan İstintaq Komitəsinə, Baş Prokurorluğa və Müdafiə Nazirliyinə yazılı sorğular göndərmişdik. Artur Poğosyanın rəhbərlik etdiyi qurumdan bizə bildirildi ki, 44 günlük müharibə zamanı fərariliklə bağlı “yeni” məlumatları yoxdur.

Anna Vardapetyan isə məlumat verib ki, hərbi hissəni və ya xidmət yerini könüllü tərk etmə, fərarilik və hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina ittihamları ilə 44 günlük müharibədən 6 il sonra 410 nəfər barəsində ittiham hökmü çıxarılıb.

Müdafiə Nazirliyi isə bizim yazılı sorğumuza 30 günlük müddətin pozulması ilə cavab verib. Müdafiə qurumundan 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək fərariliyin neçə halının qeydə alındığını, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının hansı məlumatlara sahib olduğunu, 11-12 min fərarinin olub-olmadığını, onların neçəsinin müntəzəm orduya, neçəsinin isə ehtiyat qüvvələrə aid olduğunu öyrənməyə çalışmışdıq.

30 gündən çox vaxt keçdikdən sonra bu suallarımıza cavab olaraq Suren Papikyan bildirib ki, bunlar “Ermənistan Müdafiə Nazirliyinin səlahiyyət dairəsindən kənardadır”.

Bunu necə başa düşmək olar, müntəzəm ordudan fərari olmayıb, yoxsa...? Bir şey aydındır: Müdafiə naziri ən azı Anna Hakopyanın müntəzəm ordudan fərariliklə bağlı iddiasını və ya şübhəsini təsdiqləmir”, - deyə məqalədə qeyd edilib.

Məqalədə bildirilib ki, “168.am” aprelin 11-də 44 günlük müharibə zamanı polislər və cəzaçəkmə müəssisələrinin əməkdaşları arasında fərarilik və mövqelərin tərk edilməsi hallarına dair eksklüziv məlumatlar və sənədlər dərc etmişdi.

“Müdafiə Nazirliyinə ünvanladığımız yazılı sorğuda aşağıdakı sualları da daxil etmişdik:

- 44 günlük müharibə zamanı Anna Hakopyan “Erato” dəstəsinin formalaşdırılmasından əvvəl harada olub, ona hər hansı tapşırıq verilibmi, onun kəşfiyyatçı Artur Avanesyanı (Kandaz) harada görə biləcəyi və ya görə bilməyəcəyi barədə məlumat varmı, Anna Hakopyana hər hansı kəşfiyyat tapşırığı verilibmi?

- “Erato” dəstəsi 44 günlük müharibə zamanı harada olub?

- Aşot Paşinyanın dəstəsi 44 günlük müharibə zamanı harada, nə vaxt və nə qədər müddətə olub və döyüş əməliyyatı aparıb? Və onun dəstəsi Alpaşa yüksəkliyindən nə vaxt geri çəkilib?

“Erato” dəstəsi formalaşdırılmadan əvvəl Anna Hakopyanın müharibə günlərindəki fəaliyyətinə dair sualımıza cavab olaraq Suren Papikyan yenə qeyd edib ki, bunlar “Ermənistan Müdafiə Nazirliyinin səlahiyyət dairəsindən kənardadır”. Həmin dövrdə isə Akopyan komanda məntəqəsində olub, gedən döyüş əməliyyatlarını uzaqdan izləyib, halbuki rəhbər sənədlər bunu kimin etməyə haqqı olduğunu dəqiq müəyyən edir.

“Ümumiyyətlə, rəhbər sənədlərə uyğun olaraq, komanda məntəqələrində funksional vəzifələr yerinə yetirən müvafiq vəzifəli şəxslərin daxil olması üçün daimi və ya müvəqqəti icazələr verilir”, - deyə Müdafiə Nazirliyi 2024-cü ildə bizim yazılı sorğumuza cavabında bildirmişdi. O zaman bizdən soruşmuşduq ki, qaydalara əsasən komanda məntəqəsinə kimlər daxil ola bilər? Nəhayət, Anna Hakopyan oraya daxil olan yeganə şəxs deyil ki, “qadağan olunmuş əraziyə” girib.

Müharibə zamanı “Erato” dəstəsinin fəaliyyəti və yerləşmə yeri ilə bağlı isə Ermənistan Müdafiə Nazirliyi məktubunda belə qeyd edib: “Erato” dəstəsi, digər könüllü dəstələr kimi, Silahlı Qüvvələrdə yenicə formalaşdırılmış hərbi hissələrin (bölmələrin) tərkibinə daxil edilib, təchiz olunub və 1-ci ordu korpusunun komandirinin tabeliyinə verilib”, - deyə müəllif yazıb.

Nəşr qeyd edib ki, bu cavabda yeni bir şey yoxdur.

“Hətta 2023-cü ildə “168.am”ın yazılı sorğusuna cavab olaraq Ermənistan Müdafiə Nazirliyi digər detalları da açıqlamışdı ki, 2020-ci il oktyabrın 25-də təchiz olunaraq 1-ci ordu korpusunun komandirinin tabeliyinə verilib, dəstə əvvəlcə Hartaşen kəndi ərazisində, sonra isə Kornidzorun N döyüş mövqeyində yerləşdirilib.

2021-ci ilin iyununda isə Abovyan şəhərində Nikol Paşinyan həyat yoldaşı Anna Hakopyanın “Erato” dəstəsinin “döyüş” fəaliyyətinə toxunaraq belə demişdi: “Xankəndidən sonra deyirəm ki, bu, Sərdərabaddırsa, dayanmaq lazımdır, mənim həyat yoldaşım qadın könüllü dəstəsi yaradır, onlar gedib Sisianda döyüş hazırlığı keçirlər və Gorus səngərlərində dayanırlar. Burada nə pislik var, xəyanətdirmi? Salonda oturmalı idilər ki, düzgün olsun?”.

Bunun müharibə əməliyyatları kontekstində nə verdiyini təxmin etmək çətin deyil, hətta deməsək belə, nə “aldığını” söyləmək olar.

Əlavə edək ki, 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin 1-ci ordu korpusunun komandiri general Jirayr Poğosyan olub və o, cinayət işlərində, görünür, yalnız şahid kimi keçir.

Aşot Paşinyanın könüllü fəaliyyəti ilə bağlı isə Suren Papikyan xatırladıb ki, bu barədə 2023-cü ildə artıq məlumat verilib. Bəli, müəyyən məlumatlar təqdim olunub, harada olub, nə vaxt Qarabağdan qayıdıb, kim komandir olub… Lakin biz hələ də bu dəfə də müəyyən edə bilməmişik ki, 44 günlük müharibə zamanı Aşot Paşinyan Cəbrayıl və Qubadlıda nə vaxt olub, nə qədər qalıb və hansı döyüş əməliyyatlarında iştirak edib, həmin ərazilərdən nə vaxt çıxıb.

Razılaşın ki, hadisələrin xronologiyası və konkretliyi çox şeyə işarə edə bilər. Xüsusilə də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq birinci müavini, general-leytenant Tiran Xaçatryanın işi üzrə məhkəmə iclasında öyrənildi ki, Aşot Paşinyanın dəstəsi Alpaşa yüksəkliyindən geri çəkilmə ilə əlaqəli ola bilər”, - deyə nəşr bildirib.

Nəşr qeyd edib ki, ötən günlərdə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryan parlament tribunasından Tiran Xaçatryanı xatırlayıb, üstəlik, 44 günlük müharibə ilə bağlı Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın bəyanatları fonunda bunu edib.

“O vaxt Cənub istiqamətinə məsuliyyət daşiyan Daşnaksütyunçu Tiran Xaçatryan idi, o da təsadüfən yaralandı və biz cənubda uğursuzluqlar yaşadıq. Siz qapalı Daşnaksütun formatında Tiran Xaçatryana suallar verə bilərsiniz, bu necə oldu? Bütün bunlar hesabatda var, zəhmət olmasa, oxuyun. Video materiallar da var və onlar mənim dediklərimi əsaslandırır”, - deyə Andranik Köçəryan bildirib.

İcazə verilən hədd daxilində biz hələ də öyrənməyə çalışacağıq ki, 44 günlük müharibə hesabatında general hansı “tonda” xatırlanır. Bu gün isə Seyran Ohanyan son dövr bəyanatlarını daha biri ilə tamamlayıb və bildirib:

“Əlbəttə, o geri çəkilmələrin hamısını görüb bütün geri çəkilmə yolunu təşviq edən insanlar məsuliyyət daşımalıdır. Bu, ölkənin indiki rəhbərinə və həmin dövrün prezidentinə aiddir. O deyir ki, ona generallıq və qəhrəman adları üçün nə təqdim ediblərsə, özü də bunu prezidentə təqdim edib. Sən öz vəzifələrini, yoxsa hansı tapşırığı yerinə yetirdiyini bilmirsən? Əgər döyüş meydanında haradasa əks-zərbə təşkil olunubsa, qoy həmin kapitan, çavuş, sıravi qəhrəman adı alsın”.

Burada Ermənistanın sabiq müdafiə naziri yenə də Nikol Paşinyanı, belə demək mümkünsə, “tutmaq” kontekstində dolayısı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini Tiran Xaçatryanı, yəni cənub istiqamətinə məsul şəxsi və Onik Qasparyanı, onun Tiran Xaçatryanı milli qəhrəman adına təqdim etməsini, lakin Tiran Xaçatryanın həmin “atributları” belə götürməməsini hədəfə almırmı?

Və çox maraqlıdır ki, bu günlərdə və qeyd olunan kontekstdə Seyran Ohanyan heç vaxt Aşot Paşinyanın dəstəsini xatırlamayıb, halbuki həmin dəstənin Alpaşa yüksəkliyindən geri çəkilmə ilə əlaqəsi ola bilərdi. Bu, ayrıca müzakirə mövzusudur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papikyan   Ohanyan   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin