Perunun F-16 alışına təsdiq verildi

2026/04/1777136046.jpg
Oxunub: 542     20:47     25 Aprel 2026    
ABŞ-nin müdafiə nəhəngi “Lockheed Martin” Perunun 12 ədəd F-16 döyüş təyyarəsi satın aldığını rəsmi şəkildə təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Lockheed Martin” tərəfindən yayılan açıqlamada deyilir: “İndiyədək istehsal edilmiş ən qabaqcıl F-16 təyyarəsinin Perunun milli suverenliyinin qorunmasına töhfə verəcəyindən və ölkələrimiz arasında davamlı tərəfdaşlığı gücləndirəcəyindən qürur duyuruq”.

Peruda müvəqqəti Prezident Xose Mariya Balkasarın razılaşmanı iyun ayında keçiriləcək prezident seçkilərindən sonraya təxirə salmaq qərarından sonra xarici işlər və müdafiə nazirləri istefa verib. Hər iki nazir “Lockheed Martin” ilə müqavilələrin artıq imzalandığını bildirərək bu qərarın ölkənin nüfuzuna zərər vurduğunu müdafiə edib.

Razılaşmanın ümumi dəyəri rəsmi şəkildə açıqlanmasa da, Peru iqtisadiyyat naziri ilkin mərhələdə 462 milyon dollar ödəniş edildiyini bildirib.

Təhvil 2029-cu ildə başlayacaq

ABŞ-nin Limadakı səfiri Bernardo Navarro bildirib ki, Peru ilkin mərhələdə 12 təyyarədən ibarət bir eskadrilya alıb və təhvil 2029-cu ildən etibarən başlayacaq. Navarro həmçinin növbəti mərhələdə daha 12 təyyarənin veriləcəyini bildirib.

Navarro “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada razılaşmanın “texniki imzasının” bazar ertəsi günü Peru hökumətinin ən yüksək səviyyəli rəsmilərinin məlumatı daxilində həyata keçirildiyini qeyd edərək bunu iki ölkə arasında 200 illik münasibətlər baxımından “dönüş nöqtəsi” adlandırıb.

Peru 2024-cü il oktyabrın ayında yaydığı açıqlamada köhnəlmiş hava qüvvələri parkını yeniləmək məqsədilə təxminən 3,5 milyard dollar dəyərində 24 ədəd yeni nəsil döyüş təyyarəsi tədarük etməyi planlaşdırdığını bildirmişdi.

Hazırda Peru Hərbi Hava Qüvvələrinin inventarında 12 ədəd “Mirage 2000” təyyarəsi mövcuddur. Rusiya istehsalı “MiG-29” və Belarus mənşəli “Su-27” təyyarələrinin böyük hissəsinin isə aktiv olmadığı və ya ehtiyatda saxlandığı bildirilir.

Müvəqqəti Prezident Balkasar isə razılaşmanı dayandırmaq qərarını dövlət vəsaitlərinin “uyğun şəkildə istifadə edildiyinə əmin olmaq” məqsədilə verdiyini açıqlayıb.

F-16 tədarük prosesi ölkədə mübahisəli keçən seçki mərhələsinin də təsiri ilə siyasi qarşıdurmanın mərkəzinə çevrilib. Birinci tur səsverməsindən 11 gün keçməsinə baxmayaraq, seçkinin ikinci turunda mühafizəkar namizəd Keyko Fuximorinin qarşısına çıxacaq şəxs hələ dəqiqləşməyib. Keçmiş Lima meri Rafael Lopes Aliaqa ilə solçu keçmiş nazir Roberto Sançes ikinci tur uğrunda gərgin mübarizəni davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peru   F-16  


Bizi "telegram"da izləyin