Ordu.az xəbər verir ki, razılaşmalar arasında iri çaplı sursatın birgə istehsalını əhatə edən əməkdaşlıq da var.
Sözügedən razılaşmalar Vaşinqtonun Tayvan administrasiyasındakı faktiki səfirliyi funksiyasını yerinə yetirən Amerika İnstitutu ilə parlamentin Təklif və Qəbul Məktublarını (LOA) təsdiqləməsindən sonra büdcə baxışı prosesi çərçivəsində yekunlaşdırılıb.
HIMARS və “Paladin” ön plana çıxır
Razılaşmaların ən böyük maddələrini Tayvan administrasiyasının Quru Qoşunları üçün tədarük ediləcək sistemlər təşkil edir. Bu çərçivədə 123,53 milyard Yeni Tayvan dolları, yəni 3,9 milyard dollar dəyərində M142 HIMARS yaylım atəşli reaktiv sistemi, 73,89 milyard Yeni Tayvan dolları, yəni 2,3 milyard dollar dəyərində M109A7 “Paladin” özüyeriyən haubitsa və 5,32 milyard Yeni Tayvan dolları, yəni 168,7 milyon dollar məbləğində raket ehtiyatlarının yenilənməsi proqramı yer alır.
HIMARS sistemlərinin təhvilinin 2032-ci ilin dekabrına, “Paladin” haubitsalarının təhvilinin isə 2034-cü ilin dekabrına qədər tamamlanması planlaşdırılır. Raket tədarükünün isə 2030-cu ilin martına qədər həyata keçirilməsi hədəflənir.
Bunlara əlavə olaraq Tayvan administrasiyasının Quru Qoşunları üçün 5,12 milyard Yeni Tayvan dolları, yəni 162,4 milyon dollar dəyərində tank əleyhinə raket tədarükü və 22,87 milyon Yeni Tayvan dolları, təxminən 726 min dollar məbləğində inteqrasiya olunmuş hava hücumundan müdafiə üzrə məsləhət xidməti də razılaşma paketinə daxil edilib. Bu maddələrin də 2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur.
Birgə sursat istehsalı diqqət çəkir
Razılaşmalar çərçivəsində 910,44 milyon Yeni Tayvan dolları, yəni 28,8 milyon dollar dəyərində iri çaplı sursatın birgə istehsalını əhatə edən layihə də var. Bu çərçivədə 105 mm və daha böyük artilleriya sursatının hazırlanması və istehsalı hədəflənir.
Rəsmilər bildirirlər ki, bu təşəbbüs sayəsində Tayvan administrasiyası istehsalı sursat ABŞ hərbi təchizat zəncirinə daxil ola bilər və daxili ehtiyaclar qarşılandıqdan sonra ixrac potensialı qazana bilər. Layihə Tayvan Silahlanma Bürosunun iştirakı ilə həyata keçiriləcək və 2029-cu ilin fevralına qədər davam etməsi planlaşdırılır.
Tayvan administrasiyasımım bu son addımı ABŞ-nin 2025-ci ildə ölkəyə təsdiqlədiyi rekord səviyyəli 11 milyard dollarlıq silah satışından sonra atılıb. Vaşinqton bununla da Taypeyin ən böyük silah tədarükçüsü mövqeyini qorumaqda davam edir.
Digər tərəfdən, sözügedən razılaşmalar Cənubi Çin dənizi və ətrafındakı suverenlik mübahisələri səbəbindən Tayvan administrasiyası ilə gərginlik yaşayan Pekin rəhbərliyinin reaksiyasına səbəb olub.
Sevinc Əliyeva
Ordu.az