Ordu.az xəbər verir ki, Karni yerli sənayeni gücləndirməyə və qlobal tərəfdaşlıqları genişləndirməyə söz verib.
Monrealda Liberal Partiyasının milli qurultayında çıxış edən Karni nümayəndələrə deyib: “Ordumuzun hər dollarının 70 sentini ABŞ-yə göndərdiyi günlər bitib”. Bu sözlər auditoriyanın ayaqüstə alqışları ilə qarşılanıb.
Karni iqtisadi suverenliyi və milli birliyi vurğulayaraq, hökumətin gələcək layihələrdə Kanada istehsalı materiallara və yerli işçi qüvvəsinə üstünlük verəcəyini bildirib. “Kanadanı Kanada poladı, Kanada alüminiumu, Kanada ağacı və Kanada işçiləri ilə güclü edəcəyik”, - deyə o qeyd edib.
Karni ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar da daxil olmaqla Vaşinqtonla artan ticarət gərginliyinə diqqət çəkib. Onun sözlərinə görə, Trampın rüsumları əsas qısamüddətli təhlükə hesab olunsa da, daha böyük və uzunmüddətli çağırış milli birliyin qorunmasıdır.
Hökumətin “Buy Canadian” siyasətini vurğulayan Karni bu təşəbbüsün ölkə üzrə icmaları gücləndirəcəyini və xarici bazarlardan asılılığı azaldacağını bildirib. O əlavə edib ki, Kanada növbəti onillikdə ABŞ-dən kənar ixracı iki dəfə artırmağı hədəfləyir.
ABŞ Ticarət Nümayəndəliyi Ofisinin Kanadanın satınalma siyasətini tənqid edərək bunu ticarətə maneə adlandırmasından sonra bu açıqlamalar verilib.
Kanadanın yeni Müdafiə Sənayesi Strategiyası ABŞ-dən kənarda tərəfdaşlıqları şaxələndirməyi, o cümlədən Avropa İttifaqı və Böyük Britaniya ilə daha sıx əməkdaşlığı nəzərdə tutur. Strategiyaya görə, müdafiə sahəsində istehsalın demək olar yarısı ixrac olunur və bunun təxminən 69 faizi hazırda ABŞ-yə və “Five Eyes” tərəfdaşlarına gedir.
Plan həmçinin müdafiə müqavilələrinin 70 faizinin yerli şirkətlərə verilməsini nəzərdə tutur. Bu, Ottavanın milli imkanları gücləndirmək cəhdini əks etdirir.
Sevinc Əliyeva
Ordu.az