Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” jurnalistlərin əlinə keçmiş danışığın stenoqramına istinadən yazır.
Orbanla Putinin söhbəti oktyabrın 17-də günorta saatlarına yaxın baş tutub. Macarıstan hökuməti tərəfindən hazırlanmış stenoqramın həqiqiliyini agentliyin mənbəyi təsdiqləyib. Telefon danışığı zamanı Orban bildirib ki, Ukraynada müharibənin nizamlanması və Budapeştdə ABŞ ilə sammitin təşkili məsələsi də daxil olmaqla Putinə kömək etmək üçün “çox addımlar atmağa hazırdır”.
“Ötən gün dostluğumuz elə bir səviyyəyə yüksəldi ki, mən bacardığım qədər kömək edə bilərəm. Faydalı ola biləcəyim hər məsələdə sizin xidmətinizdəyəm”, - deyə “Bloomberg” Orbanın sözlərini sitat gətirib. Bu fikrini əsaslandırmaq üçün Orban Macarıstanda məşhur olan, Ezopun təmsili əsasında qurulmuş bir uşaq nağılını xatırladıb. Həmin nağılda siçan torun içinə düşmüş aslanı azad edir, bundan əvvəl isə aslan onun həyatını bağışlayır. Stenoqramda qeyd olunur ki, bu müqayisə Putin tərəfindən gülüşlə qarşılanıb.
“Bloomberg” yazır ki, söhbətin böyük hissəsini tərəflər “bir-birlərinə, eləcə də Donald Trampa minnətdarlıq bildirməklə” keçiriblər. Həm Putin, həm də Orban bir gün əvvəl Budapeştdə mümkün Rusiya-ABŞ sammiti ilə bağlı Tramp ilə danışmışdılar, lakin həmin sammit sonda baş tutmadı.
Putinlə söhbət zamanı Orban həmçinin koronavirus pandemiyasından sonra əvvəlki kimi müntəzəm şəkildə şəxsi görüşlərin baş tutmamasından narazılığını ifadə edib. Putin cavabında Ukrayna müharibəsi ilə bağlı Macarıstanın “müstəqil və çevik” mövqeyini yüksək qiymətləndirib. “Bizim üçün anlaşılmazdır ki, belə ölçülüb-biçilmiş, aralıq mövqe niyə yalnız etiraz doğurur”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az