Netanyahu: “Bu razılaşma ilə İsrail, Livan və ABŞ İrana faktiki olaraq “Bu sizin işiniz deyil” deyir”

2026/05/1778436238.jpg
Oxunub: 284     09:09     28 İyun 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu Livanla əldə olunan çərçivə sazişini İsrail üçün “tarixi nailiyyət” adlandıraraq bunun iki ölkə arasındakı qarşıdurmanın başa çatdırılması prosesini irəli apardığını və gələcəkdə sülh sazişinin bağlanması perspektivini açdığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Netanyahu bildirib ki, razılaşma İran və “Hizbullah” üçün “ciddi zərbə”dir. O, həmçinin qeyd edib ki, saziş çərçivəsində ABŞ və Livan İsrailin təhlükəsizliyinin təmin olunması üçün zəruri olduğu müddətdə Livan ərazisində İsrailin təhlükəsizlik zonasının saxlanmasına razılıq veriblər.

“Biz bu zonanı “Hizbullah” və digər terror qruplaşmaları tərksilah edilənə qədər qoruyacağıq”, - deyə o bildirib. Netanyahu əlavə edib ki, Livandan İsrail üçün təhlükə mövcud olduğu müddətdə təhlükəsizlik zonası saxlanılacaq.

Baş nazirin sözlərinə görə, İran İsrail qüvvələrinin Cənubi Livandan çıxarılmasına nail olmağa çalışsa da, İsrail buna imkan verməyib. O, həmçinin İran və “Hizbullah”ın razılaşmanı kəskin tənqid etdiyini xatırladıb.

“Bu razılaşmaya əsasən, İsrail, Livan və ABŞ faktiki olaraq İrana deyirlər: “Bu sizin işiniz deyil. Burada sizin heç bir statusunuz, iştirakınız və rolunuz yoxdur. Nə siz, nə “Hizbullah”, nə də hər hansı terror qruplaşması”, - deyə Netanyahu vurğulayıb.

Netanyahu eyni zamanda İsrail ordusunun hazırda nəzarət etdiyi iki kiçik ərazidən çıxacağını təsdiqləyib. Onun sözlərinə görə, bu addım “Hizbullah”ın tərksilah edilməsi və həmin ərazilərin Livan ordusuna verilməsi üçün sınaq mexanizminin bir hissəsidir.

O bildirib ki, zonalardan biri tamamilə təhlükəsizlik zonasının hüdudlarından kənarda yerləşir, digəri isə onun sərhədindədir və artıq İsrail ordusunun nəzarətində saxlanılmasına ehtiyac yoxdur.

Baş nazir vurğulayıb ki, bununla da İsrail ölkənin şimal bölgələrinin müdafiəsi üçün zəruri olan bütün təhlükəsizlik zonasını qoruyub saxlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin