Almaniya zəlzələdən sonra yardım üçün Venesuelaya beşinci təyyarəni göndərib

2026/06/1782496729.jpg
Oxunub: 190     05:29     28 İyun 2026    
Bundesverin beşinci hərbi nəqliyyat təyyarəsi güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək məqsədilə Venesuelaya yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) rəsmi nümayəndəsinə istinadən DPA məlumat yayıb.

Məlumata görə, Aşağı Saksoniya federal əyalətində yerləşən Vunstorfdakı hərbi aviabazadan göyərtəsində xilasetmə bölmələrinin mütəxəssisləri, tibbi ləvazimatlar və zəruri avadanlıqlar olan nəqliyyat təyyarəsi havaya qalxıb.

İki təyyarənin artıq bazar günü geri qayıdacağı gözlənilir. Bundan sonra növbəti təyyarə yenidən Venesuelaya yola düşməlidir.

"Təyyarələrin buradan hər gün uçması planlaşdırılır", - HHQ nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Əsas təkanların ardınca 214 afterşok qeydə alınıb. Son məlumatlara görə, Venesuelada təbii fəlakət nəticəsində 1,4 mindən çox insan həlak olub, daha 3,2 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Venesuela  


Bizi "telegram"da izləyin