Birləşmiş Krallıq “DragonFire” lazer silahını 2027-ci ildə döyüş gəmilərinə inteqrasiya edəcək

2026/06/1782625491.jpg
Oxunub: 271     09:41     28 İyun 2026    
Birləşmiş Krallıq 2027-ci ilin sonunadək “DragonFire” yüksək enerjili lazer silah sistemini Kral Hərbi Dəniz Qüvvələrinin “Type 45” sinfinə məxsus hava hücumundan müdafiə esmineslərinə inteqrasiya etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, sistem istifadəyə verildikdən sonra Birləşmiş Krallıq NATO daxilində döyüş gəmisində yerləşdirilmiş əməliyyat lazer silahına malik ilk Avropa ölkəsi olacaq.

“DragonFire” MBDA UK rəhbərliyində yaradılmış konsorsium tərəfindən “Leonardo UK”, “QinetiQ” və Birləşmiş Krallığın Müdafiə Elm və Texnologiya Laboratoriyasının iştirakı ilə hazırlanır.

Birləşmiş Krallığın Müdafiə Nazirliyi 2025-ci il noyabr ayında MBDA UK ilə təxminən 417 milyon dollar dəyərində müqavilə imzalayaraq ilk iki “DragonFire” sisteminin “Type 45” esmineslərinə inteqrasiyasını sifariş edib.

Əvvəlcə 2030-cu illər üçün nəzərdə tutulan proqram Şotlandiyadakı Hebrid sınaq poliqonunda keçirilən uğurlu sınaqlardan sonra təxminən beş il irəli çəkilib. İlk inteqrasiyanın 2027-ci ilin sonunadək başa çatdırılması, sonrakı mərhələdə isə dörd “Type 45” esminesinin “DragonFire” ilə təchiz edilməsi planlaşdırılır.

Təxminən 50 kVt güc sinfinə malik olan “DragonFire” çoxsaylı lif lazer şüalarını vahid yüksək güclü şüada birləşdirən texnologiyadan istifadə edir. Birləşmiş Krallığın Müdafiə Nazirliyi bildirir ki, sistem 1 kilometr məsafədə sikkə böyüklüyündə hədəfi yüksək dəqiqliklə məhv edə bilir. Onun dəqiq təsir məsafəsi isə təhlükəsizlik səbəbindən açıqlanmır.

Sistemin ən mühüm üstünlüklərindən biri hər atışın təxminən 13 dollara başa gəlməsidir. Bu xüsusiyyət xüsusilə aşağı xərcli Pilotsuz Uçuş Aparatı (PUA) sürülərinə qarşı bahalı hava hücumundan müdafiə raketlərinin istifadəsinin qarşısını almağa imkan verəcək.

“DragonFire” “Sea Viper” hava hücumundan müdafiə sistemini əvəz etməyəcək. Lazer silahı yaxın məsafədəki PUA-lara və intensiv hava təhdidlərinə qarşı istifadə olunacaq, “Sea Viper” isə uzaqmənzilli hava hədəfləri və ballistik raketlərə qarşı fəaliyyətini davam etdirəcək. Bununla da gəmilərin raket ehtiyatlarının qorunması və çoxqatlı hava hücumundan müdafiənin gücləndirilməsi hədəflənir.

“Leonardo” şirkəti “DragonFire” sistemini 2026-cı il iyunun 24-də Portsmut şəhərində keçirilən NATO Sənaye Məsləhət Qrupunun Baş Assambleyasında nümayiş etdirib. Şirkət eyni zamanda Kral Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış “Proteus” insansız fırlanan qanadlı hava platformasını və “Falcon Shield” (Orcus) modul antidron sistemini də təqdim edib.

“DragonFire”ın 2027-ci ildə əməliyyat istifadəsinə verilməsi ilə Birləşmiş Krallığın lazer əsaslı hava hücumundan müdafiə imkanlarından aktiv istifadə edən ilk Avropa NATO ölkəsi olacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Birləşmiş-Krallıq   DragonFire  


Bizi "telegram"da izləyin