ABŞ və İtaliya dünyanın ən böyük nəqliyyat təyyarəsini hazırlayır

2026/06/1782570979.jpg
Oxunub: 207     18:34     27 İyun 2026    
ABŞ-nin “Radia” şirkəti ilə İtaliya tərəfdaşlığı çərçivəsində hazırlanan “WindRunner” strateji nəqliyyat təyyarəsi dünyanın ən böyük hava nəqliyyat platforması olmaq iddiası ilə təqdim edilib.

Ordu.az xəbər verir ki, yeni platforma əsasən F-35, F-16, CH-47 “Chinook” helikopterləri və “Patriot” hava hücumundan müdafiə sistemi kimi iri hərbi texnikaları sökülmədən daşımaq üçün nəzərdə tutulur.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin strateji nəqliyyat parkının əsasını uzun illərdir xidmət göstərən C-5M “Galaxy” təyyarələri təşkil edir. C-17 “Globemaster III” təyyarələrinin istehsalının başa çatması və qlobal əməliyyat ehtiyaclarının artması yeni nəsil strateji nəqliyyat platformasına tələbat yaradıb.

“Radia” şirkəti bu ehtiyacı qarşılamaq məqsədilə hazırladığı “WindRunner” layihəsi ilə mövcud hərbi nəqliyyat təyyarələrindən fərqli konsepsiya təqdim edib.

Şirkətin qiymətləndirməsinə görə, müasir hərbi hava daşımalarında əsas problem artıq yükün çəkisi deyil, onun tutduğu həcmdir. Yeni nəsil döyüş təyyarələri, radar sistemləri, peyk rabitə avadanlıqları və raket kompleksləri mövcud nəqliyyat təyyarələrinin çəki limitindən əvvəl həcm məhdudiyyətinə çatır.

“WindRunner” bu problemi nəhəng gövdə həcmi hesabına həll etməyi hədəfləyir. Şirkətin məlumatına əsasən, təyyarənin yük bölməsinin həcmi C-5 “Galaxy”dən təxminən 7 dəfə, C-17 “Globemaster III”dən 12 dəfə, A400M “Atlas”dan isə 20 dəfə böyük olacaq. Təxminən 6800 kubmetr daxili həcmə malik platformanın indiyədək hazırlanmış ən iri hava nəqliyyat vasitələrindən biri olması planlaşdırılır.

Təyyarənin uzunluğunun 109 metr, qanad açılımının 80 metr, maksimal yükdaşıma qabiliyyətinin isə 72,6 ton olması nəzərdə tutulur.

“WindRunner” qanadları sökülmədən bir reysdə 4 ədəd F-35 və ya F-16 döyüş təyyarəsini, yaxud 6 ədəd CH-47 “Chinook” ağır nəqliyyat helikopterini daşıya biləcək.

Bundan əlavə, “Patriot” hava hücumundan müdafiə sistemi buraxıcı qurğuları, radar sistemləri, peyk rabitə avadanlıqları və digər iri hərbi platformalar əlavə hazırlıq olmadan “Roll-on/Roll-off” üsulu ilə təyyarəyə yüklənə biləcək.

Platformanın ən diqqətçəkən xüsusiyyətlərindən biri də uçuş-eniş imkanlarıdır. Belə ki, “WindRunner”in 72,6 ton yüklə birlikdə ən azı 1800 metr uzunluğunda asfaltlanmamış uçuş-enmə zolaqlarından qalxıb enməsi planlaşdırılır.

Bu imkan sayəsində ön xətt bazalarında, infrastrukturu məhdud hava limanlarında və təbii fəlakət bölgələrində əməliyyat çevikliyinin artırılması nəzərdə tutulur. “WindRunner” yalnız hərbi məqsədlər üçün deyil, mülki sahədə də istifadə olunacaq.

Platforma 105 metr uzunluğadək külək turbinlərinin qanadlarını, iri sənaye avadanlıqlarını, sərnişin təyyarələrinin gövdə hissələrini və humanitar yardım yüklərini bütöv şəkildə daşıya biləcək.

Şirkət bildirir ki, daha böyük daxili həcm sayəsində eyni tapşırıq daha az uçuşla yerinə yetiriləcək, istismar xərcləri azalacaq və eyni həcmdə yük daha az uçuş saatı ilə daşına biləcək.

Bu yanaşmanın xüsusilə iri həcmli hərbi daşımalar zamanı mühüm üstünlük yaradacağı vurğulanır.

“Radia” şirkəti mülki aviasiya sertifikatlaşdırma prinsipləri əsasında hazırlanan “WindRunner”in ilk uçuşunu 2030-cu ildə həyata keçirməyi və platformanı klassik müdafiə layihələri ilə müqayisədə daha qısa müddətdə istismara verməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İtaliya   Təyyarə  


Bizi "telegram"da izləyin