Almaniyada ifrat sağçı “AfD” partiyasının qadağan edilməsi tələbi ilə petisiyanı 1,34 milyondan çox insan imzalayıb

2026/06/1782570550.jpg
Oxunub: 186     18:24     27 İyun 2026    
Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının qadağan olunması məsələsinin nəzərdən keçirilməsi tələbi ilə başladılan onlayn petisiyanı iyunun 27-si günorta saatlarınadək təxminən 1,34 milyon nəfər imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.

“AfD”nin qadağan olunmasını nəzərdən keçirin” adlı petisiya İtaliya domeni üzərindən fəaliyyət göstərən almanca “innn.it” platformasında yerləşdirilib.

Təşəbbüs iyunun 26-da başladılıb. Təşkilatçılar arasında “Volksverpetzer” bloqu və “Omas gegen Rechts” təşkilatı da yer alır.

Petisiya Bundestaq və Bundesrata ünvanlanaraq “AfD”nin Almaniyanın Əsas Qanununa uyğunluğunun yoxlanılması üçün Federal Konstitusiya Məhkəməsinə müraciət edilməsinə çağırır.

Bundan əvvəl “Vətəndaş Hüquqları Naminə Cəmiyyət” (GFF) təşkilatı hüquqi ekspertiza dərc edərək “AfD”nin fəaliyyətinin Almaniyanın konstitusiya quruluşunun əsaslarına zidd olduğunu iddia etmişdi.

Təşkilatın hüquqşünası Bijan Moini bildirib ki, partiya “azad demokratik quruluşun əsaslarına zərbə vurmağa çalışır” və insan ləyaqətinə hörmət prinsipini pozur.

“İnnn.it” platformasının nümayəndəsi Qreqor Hakmak bildirib ki, GFF-in hesabatı ictimai dəstəyin artmasına ciddi təsir göstərib və bu kampaniya Almaniya tarixində vətəndaş cəmiyyətinin ən böyük səfərbərliklərindən birinə çevrilib.

Bu kampaniya fonunda müxalifətdə olan “AfD”nin reytinqi artmaqda davam edir və bəzi sorğularda 29%-ə çatır. Eyni zamanda hakim Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı blokunun dəstəyi iyunun ortalarında təxminən 20-22% səviyyəsinə enib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   AfD  


Bizi "telegram"da izləyin