Erməni ekspert: “Hakimiyyət Rusiya ilə iqtisadi müharibəyə başlayıb, payızda nağd pul qıtlığı və iflaslar olacaq”

2026/06/1782106068.jpg
Oxunub: 281     21:12     27 İyun 2026    
“Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin nəticələri xüsusilə sentyabr-oktyabr aylarında hiss olunacaq, sahibkarlar ciddi çətinliklərlə üzləşəcəklər”.

Ordu.az xəbər verir ki, bunu ictimai maliyyənin idarə edilməsi üzrə erməni ekspert, Ermənistanın sabiq maliyyə naziri Vardan Aramyan deyib.

Aramyan bildirib ki, Ermənistan hakimiyyəti növbəti dəfə ölkəni yeni qarşıdurmaya sürükləyir və bu dəfə söhbət Rusiya ilə iqtisadi müharibədən gedir.

“Bu hakimiyyət bir münaqişə yaratmadan sakit dura bilmir. İndi də Rusiya ilə iqtisadi müharibəyə başlayıb. Əgər hadisələr bu istiqamətdə inkişaf etsə və qazın qiyməti dəyişsə, hazırda Rusiyadan 177 dollara aldığımız qazın bahalaşması həm əhalinin evlərini isitməsi, həm də istixanaların fəaliyyəti üçün ciddi problem yaradacaq”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan hər il Rusiyadan 550-570 milyon dollar həcmində qaz idxal edir və qiymətin iki dəfə artması faktiki olaraq Rusiyanın Ermənistana ildə yarım milyard dollara yaxın subsidiyasının itirilməsi demək olacaq.

“İllik yarım milyard dollarla Avropa tərəfindən vəd edilən birdəfəlik 270 milyon dolları müqayisə edin. Bunlar müqayisə edilə biləcək rəqəmlər deyil. Üstəlik, həmin vəsaitlərin nə vaxt veriləcəyi də məlum deyil”, - deyə Aramyan qeyd edib.

Erməni ekspert hesab edir ki, Avropa İttifaqının vəd etdiyi maliyyə yardımları yaxın perspektivdə Ermənistan iqtisadiyyatının üzləşdiyi problemləri həll edə bilməyəcək.

“Mən inanmıram ki, Avropa İttifaqının vəd etdiyi vəsaitləri hətta sentyabra qədər əldə edə biləcəyik. Halbuki sahibkarlarımız artıq bu gün nağd pul problemi yaşayırlar və bu məsələ təcili həll olunmalıdır”, - deyə o bildirib.

Aramyan Avropa bazarına çıxışla bağlı hökumətin açıqlamalarını da tənqid edib. O vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının ixracı üçün tələb olunan fitosanitar sertifikatlaşdırma sistemi və laboratoriyalar mövcud deyil.

“Baş nazir deyir ki, məhsulların hansı bazarlara ixrac edilməli olduğunu göstərmişik. Elə bil insanlar həmin bazarların harada yerləşdiyini bilmirdilər. Əsl biznesdə çoxsaylı problemlər var ki, hökumət məmurları onları görmür”, - deyə ekspert bildirib.

Sabiq maliyyə naziri Ermənistan iqtisadiyyatının son illərdə daha çox Rusiya bazarından asılı vəziyyətə düşdüyünü vurğulayıb.

“Bu gün iqtisadiyyatın diversifikasiyasından danışırlar, halbuki məhz onların hakimiyyəti dövründə ixrac daha da çox Rusiya bazarına yönəlib. Bu mənim fikrim deyil, rəsmi statistikanın göstərdiyi reallıqdır”, - deyə o qeyd edib.

Aramyan əlavə edib ki, Rusiya bazarı Ermənistan üçün tarixi, iqtisadi, inzibati və mədəni amillərə görə daha əlçatandır.

“Rusiyada yaşayan ermənilər bizim sahibkarların fəaliyyətinə kömək edir. Rusiyadakı erməni alıcısı daha ucuz özbək ərikləri əvəzinə erməni əriklərinə üstünlük verir. Erməni konyakını rus alıcısına ayrıca tanıtmağa ehtiyac yoxdur”, - deyə o bildirib.

Erməıni ekspert Avropa bazarına çıxışın isə daha böyük xərclər tələb etdiyini vurğulayıb.

“Bütün maneələr aradan qaldırılsa belə, ciddi biznes xərcləri qalacaq. Avstriyalı istehlakçı niyə daha ucuz türk pomidoru əvəzinə daha bahalı erməni pomidorunu seçməlidir?”, - deyə Aramyan sual edib.

O qeyd edib ki, kənd təsərrüfatı bütün dünyada strateji sahə hesab olunur və hər bir dövlət ilk növbədə öz istehsalçısını qoruyur.

“Sadəlövh olmaq lazım deyil və düşünmək olmaz ki, isveçrəli istehlakçı öz fermerini deyil, Ermənistan məhsullarını seçəcək”, - deyə o bildirib.

Aramyan xəbərdarlıq edib ki, Rusiyanın erməni sahibkarlarına qarşı tətbiq etdiyi məhdudiyyətlərin ən ağır nəticələri məhz payız aylarında özünü göstərəcək.

“Bu şirkətlər tədricən nağd pul qıtlığı ilə üzləşəcək, daha sonra isə bizneslərin bağlanması və iflas prosesi başlayacaq. Sahibkarlar çox ciddi çətinliklərlə qarşılaşacaqlar”, - deyə ekspert vurğulayıb.

Sabiq erməni maliyyə naziri dövlət borcu və büdcə siyasəti ilə bağlı da narahatlığını ifadə edib.

“2022-ci ildən etibarən borc-ÜDM göstəriciləri və borcun xidmət xərcləri pisləşib. İpoteka kreditləri 6 dəfə, tikinti sektoruna verilən kreditlər 5 dəfə artıb. İstehlak kreditləri isə 2,7 dəfə yüksəlib. Əgər istehlak kreditləri maaşlardan daha sürətlə artırsa, bu, insanların sosial vəziyyətinin pisləşdiyini göstərir”, - deyə o bildirib.

Aramyanın sözlərinə görə, hökumət büdcənin üzərinə uzunmüddətli və ağır öhdəliklər götürüb.

“Pensiyaların artırılması, icbari tibbi sığorta və digər proqramlar büdcənin üzərinə böyük yük qoyub. Bu gün büdcənin altına elə ‘bombalar’ yerləşdirilib ki, onların nəticələrini gələcək illərdə hiss edəcəyik. Vergilərin artırılması qaçılmaz olacaq və bu yükü həm biznes, həm də vətəndaşlar daşımalı olacaqlar”, - deyə ekspert bildirib.

O, həmçinin hakimiyyəti və ona yaxın qüvvələri cəmiyyətdə əsassız gözləntilər yaratmaqda ittiham edib.

“İnsanlarla dürüst danışmırlar, onlarda yersiz gözləntilər formalaşdırırlar və nəticədə insanların ayıqlığı zəifləyir. Ölkənin iqtisadi təhlükəsizliyi olmadan digər sahələrdə uğur qazanmaq mümkün deyil”, - deyə Aramyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aramyan   Ermənistan  


Bizi "telegram"da izləyin