Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Hücum cümə günü ştatın zorakılıqdan ən çox zərər çəkən rayonlarından biri olan Talata-Mafara bölgəsində baş verib. Hadəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Parlament üzvü Əbdüləziz Yari baş verənləri “terror hücumu” adlandırıb. Həlak olanların dəfn mərasimində yerli administrasiyanın rəhbəri Yahaya Yari Nigeriya Prezidenti Bola Tinubuya və müdafiə nazirinin müavininə müraciət edərək kütləvi qətllərin dayandırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini istəyib.
Bu, bölgədə baş verən ilk belə hadisə deyil. Daha əvvəl, iyun ayında silahlı şəxslər Zamfara ştatının başqa bir rayonunda tarlada işləyən 17 fermeri öldürmüş, daha azı 13 nəfəri yaralamışdılar.
Nigeriyanın şimal bölgələri uzun illərdir silahlı zorakılıqdan əziyyət çəkir.
BMT-nin məlumatına görə, üsyançıların və silahlı cinayətkar qruplaşmaların fəaliyyəti nəticəsində minlərlə insan həlak olub, milyonlarla sakin isə evlərini tərk etməyə məcbur qalıb. Ölkənin şimal-qərb və mərkəzi bölgələrində fəaliyyət göstərən silahlı dəstələr adam oğurluğu, fermerlərdən hədə-qorxu ilə pul tələb edilməsi və faydalı qazıntıların qanunsuz hasilatı ilə məşğul olurlar.
Prezident Bola Tinubu administrasiyasının vəziyyəti nəzarət altına alacağı ilə bağlı dəfələrlə verdiyi vədlərə baxmayaraq, bölgədə zorakılıq səviyyəsi yüksək olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az