“Northrop” şirkətinin F-5 “Tiger II” modeli Soyuq müharibə dövrünün qalığıdır. Bir zamanlar ABŞ-nin ixrac üçün nəzərdə tutulmuş yüngül qırıcısı olan F-5 bu gün də sanksiyaların məcbur etdiyi kompromis kimi İran Hərbi Hava Qüvvələrinin əsas qırıcılarından biridir, çatışmazlıqları isə “Epic Fury” əməliyyatı zamanı açıq şəkildə üzə çıxıb. F-22 və F-35 kimi müasir təyyarələrlə müqayisədə F-5 açıq-aşkar zəifdir, lakin İranın sadəcə alternativi olmadığı üçün hələ də istifadə olunur.
F-5 “Tiger II”nin texniki xüsusiyyətləri
İstismara verilmə ili: 1972 (F-5E “Tiger II”)
İstehsal sayı: təxminən 2,500 (İRİAF-da 35-50 ədəd xidmətdədir)
Uzunluğu: təxminən 48 fut (14.7 m)
Qanad açılımı: təxminən 26 fut 8 düym (8.1 m)
Çəki (maksimum qalxma çəkisi): təxminən 24,700 funt (11,200 kq)
Mühərriklər: iki ədəd “General Electric” J85-GE-21 turboreaktiv
Maksimal sürət: təxminən “Mach 1.6” (təxminən 1,050 mil/saat / təxminən 1,690 km/saat)
Uçuş məsafəsi:
təxminən 350-550 mil (560-885 km) döyüş radiusu
təxminən 1,400 mil (2,250 km) maksimum məsafə
Xidmət tavanı: təxminən 51,000 fut (15,500 m)
Yükdaşıma qabiliyyəti: təxminən 7,000 funt (3,200 kq)
Ekipaj: variantdan asılı olaraq 1-2 nəfər
İran F-5 qırıcılarını necə əldə etdi və saxladı
1979-cu ildə devrilməsindən əvvəl ABŞ-yönlü İran şahı 1960-cı illərdə və 1970-ci illərin əvvəlində F-5 qırıcısını əldə etmişdi. “Northrop” şirkəti şaha 140 ədəd F-5 təyyarəsi təhvil vermişdi. Şah bu yüngül və nisbətən ucuz qırıcını sadə etibarlılığı və texniki xidmətin nisbətən asanlığı səbəbilə seçmişdi.
İran 1980-1988-ci illərdə İraqla müharibə zamanı F-5 təyyarələrindən geniş istifadə edib, əsasən yerüstü hədəflərə zərbə və yaxın hava dəstəyi rollarında. “Hava-hava” döyüşündə məhdud effektivliyinə baxmayaraq, F-5 bir “MiQ-25” üzərində qələbə əldə etdiyini iddia edib. Beləliklə, F-5 hətta 1980-ci illərin standartlarına görə elit platforma olmasa da, döyüşdə faydalı olub və geniş şəkildə istifadə edilib.
Qırx il sonra İranın əlində təxminən 35-50 ədəd işlək F-5 qalıb. Bu təyyarələr köhnə korpusların ehtiyat hissələri üçün sökülməsi və yerli şəraitdə uyğunlaşdırılmış hissələrin istehsalı hesabına saxlanılır. Təbii olaraq, köhnəlmiş təyyarələrdə texniki xidmət problemləri mövcuddur; avionika köhnəlib, radar imkanları məhduddur və müasir raketlərlə uyğunluğu ciddi şübhə altındadır. Bu təyyarələr müasir hava döyüşü üçün demək olar ki, kifayət etmir. Lakin yarım əsrə yaxındır sanksiyalar altında olan İranın real alternativi yoxdur.
Buna baxmayaraq, İran F-5-ləri arxa plana keçirə bilib, təyyarə artıq ön xətt qırıcısı deyil. Əvəzində F-5 pilot hazırlığı, yüngül yerüstü zərbələr və qısa mənzilli hava patrulu üçün istifadə olunur. Bəzən isə sürətli reaksiya növbətçiliyi və ikinci müdafiə təbəqəsi kimi tətbiq edilir.
Diqqətəlayiqdir ki, İran F-5 parkından maksimum istifadə edərək bu təyyarə əsasında yerli qırıcı ekosistemi formalaşdırıb, “Saeqah”, “Kowsar” və “Azarkhsh” kimi müxtəlif variantlar yaradılıb. Saeqah iki şaquli quyruq stabilizatoru ilə fərqlənir və çoxməqsədli yüngül hücum təyyarəsi kimi təqdim olunur. “Kowsar” təkmilləşdirilmiş avionik və “glass cockpit” ilə təchiz edilib və ehtimal ki, daha yaxşı radar imkanlarına malikdir. “Azarkhsh” isə 1990-cı illərdə hazırlanmış ilkin yerli modifikasiyadır. Lakin bu variantların heç biri inqilabi yenilik deyil, onların performans xüsusiyyətləri əsasən F-5 səviyyəsində qalır.
F-5 və “Epic Fury” əməliyyatı
Martın 1-də, İran münaqişəsinin ikinci günündə, CENTCOM iki F-5 təyyarəsinin Təbriz aviabazasında havaya qalxmağa çalışarkən məhv edildiyini açıqladı. Bundan əlavə, aviabazalara endirilən zərbələr nəticəsində daha 5-10 F-5-in məhv edildiyi ehtimal olunur (hava döyüşü zamanı deyil), bu da İranın F-5 parkını daha da zəiflətdi.
İran münaqişə zamanı əsasən müdafiə məqsədilə, lokal patrul və baza müdafiəsi üçün F-5-lərdən istifadə edib. F-5 müasir sistemlərə qarşı hücum baxımından demək olar ki, yararsızdır, müasir inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemlərini yarmaq qabiliyyəti yoxdur və “hava-hava” döyüş performansı olduqca zəifdir. Lakin F-5 potensial olaraq aldatma vasitəsi kimi istifadə oluna bilər və koalisiya qüvvələrinin hədəf seçimini çətinləşdirə bilər.
Ümumilikdə isə, F-5-in mübahisəli hava məkanında sağ qalma ehtimalı son dərəcə aşağıdır. Buna görə də iranlıların qalan F-5-lərlə ciddi uğur əldə edəcəyini gözləmək çətindir, bu təyyarələr eyni zamanda İranın sanksiyaların yaratdığı çətinliklər fonunda hava qüvvələrini müasirləşdirə bilməməsinin simvoludur.
Dəyanət Ağalarlı
Ordu.az