Ordu.az çərşənbə axşamı axşam saatlarına olan əsas hadisələri təqdim edir:
• İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera”ya müsahibəsində bildirib ki, Hörmüz boğazının taleyini müharibədən sonra yalnız İran və Oman müəyyən edəcək.
“Boğaz İran və Oman ərazi sularında yerləşir. Bunlar beynəlxalq sular deyil. Bu, bizim və Oman sularıdır.
Hazırda biz hesab edirik ki, boğaz açıqdır. O, yalnız bizimlə müharibə aparan ölkələrin gəmiləri üçün bağlıdır. Müharibə zamanı bu, normaldır. Düşmənlərimizin bizim ərazi sularımızdan ticarət üçün istifadə etməsinə icazə verə bilmərik”, - deyə o bildirib.
• İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi “İran təhlükəsinə qarşı regionun mühüm dövlətləri ilə yeni ittifaqlar qurur”. O əlavə edib ki, “gec-tez İran rejimi süqut edəcək”.
• İsrailin hava zərbələri nəticəsində bir sıra mülki obyektlər də hədəfə alınıb. Bunlara İsfahanın Mobarak şəhərindəki metallurgiya müəssisəsi, Bəndər-Abbasdakı Şəhid Həqqani limanı, müxtəlif polad istehsalı kompleksləri, Buşəhrdəki meteoroloji stansiya və Malardakı yaşayış kompleksi daxildir.
• ABŞ prezidenti Donald Tramp bildirib: “Hörmüz boğazında baş verənlərlə bizim əlaqəmiz yoxdur, biz tezliklə regionu tərk edəcəyik.
Düşünürəm ki, iki-üç həftə ərzində çıxacağıq, hətta İran razılaşma imzalamasа belə. Rejim dəyişikliyi mənim məqsədim deyildi. Yeganə məqsədimiz onların nüvə silahına sahib olmamasıdır və bu məqsədə nail olunub.
Onların uzun müddət ərzində nüvə silahı hazırlaya bilməyəcək vəziyyətdə olduqlarını gördükdə, biz oradan gedəcəyik. Razılaşma olub-olmaması o qədər də vacib deyil”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az