ABŞ-nin təqdim etdiyi lazer sistemi pilotsuz uçuş aparatlarını bir atəşlə 5 dollara məhv edir

2026/04/1775020617.jpg
Oxunub: 440     09:06     01 Aprel 2026    
Ukraynada və Yaxın Şərqdə aparılan döyüş əməliyyatları zamanı ucuz pilotsuz uçuş aparatlarının istifadəsi geniş yayılıb. Bu tendensiyaya cavab olaraq “AeroVironment” şirkəti LOCUST X3 adlı üçüncü nəsil lazer silah sistemini təqdim edib.

Ordu.az xəbər verir ki, bu sistem pilotsuz uçuş aparatlarını təxminən 5 dollar dəyərində impulslarla məhv edir.

X3, LOCUST platformasının indiyədək ən qabaqcıl versiyası hesab olunur. “Techkult”un məlumatına görə, əsas versiya 20 kilovatlıq lazerdən istifadə etdiyi halda, X3 35 kilovatlıq lazerlə təchiz olunub. Sistem 1-ci və 3-cü qrup pilotsuz uçuş aparatlarını, o cümlədən çəkisi 600 kiloqrama qədər olan sabit qanadlı aparatları məhv etmək üçün nəzərdə tutulub.

Şirkətin məlumatına görə, X3 sistemi hərbçilərin döyüş təcrübəsi əsasında hazırlanıb və İranın və Rusiyanın “Shahed-136” və “Geran-2” kimi ucuz pilotsuz uçuş aparatlarına qarşı effektiv mübarizə aparmaq üçün optimallaşdırılıb. Bu aparatların hücumları bahalı NATO tutucu raket ehtiyatlarını tükəndirir.

Məsələn, Patriot hava hücumundan müdafiə sisteminin raketinin qiyməti təxminən 3 milyon dollar, AIM-9X “Sidewinder” “hava-hava” raketinin qiyməti isə təxminən 400 min dollardır. Halbuki bir pilotsuz uçuş aparatının qiyməti 20 min dolları keçmir. LOCUST X3 sistemində bir lazer atəşi isə 5 dollardan ucuz başa gəlir.

X3 atəşin idarə olunması üçün AV_Halo PINPOINT proqram təminatından istifadə edir. Aşkarlama, izləmə və yönləndirmə prosesləri tam avtomatlaşdırılıb ki, bu da operatorun iş yükünü əhəmiyyətli dərəcədə azaldır. Bir hədəfin məhv edilməsi üçün 5-7 saniyə tələb olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   LOCUST   X3  


Bizi "telegram"da izləyin