Yaranmış son dərəcə mürəkkəb vəziyyətdə ABŞ Prezidentinin ən azı reallığa yaxın məlumat açıqladığına inanmaq belə çətindir. Son günlər Donald Tramp İranla bağlı bir neçə ziddiyyətli bəyanat verib. Ümumi təəssürat belədir ki, ABŞ Hörmüz boğazında azad gəmiçiliyin bərpası qarşılığında bir aylıq atəşkəs təklif edir və bu müddət ərzində “razılaşma əldə olunmalıdır”.
Ərəb mənbələrinin qiymətləndirməsinə görə, İran hazırda “Cenevrə danışıqları zamanı olduğundan daha sərt mövqe tutur”, halbuki o vaxt razılaşmanın mümkün olduğu görünürdü. Görünən odur ki, ABŞ hesablamalarını İran “hakimiyyətinin tam məhv edilmədiyi, lakin xeyli zəiflədiyi” ehtimalı üzərində qurub. Trampın sözlərinə görə, rəhbər elita daxilində “İrana rəhbərlik etməyə hazır olan şəxs yoxdur”.
Diqqət çəkən məqam odur ki, ABŞ danışıqlar üçün “tərəfdaş” kimi məhz Qalibafı seçib. O, peşəkar hərbçidir və İslam İnqilabı Keşikçiləri Korpusu rəhbərliyi ilə ciddi əlaqələrə malikdir, lakin müstəqil mənbələrin qeyd etdiyi kimi, “heç vaxt geniş ictimai nüfuza sahib olmayıb”. Bu qiymətləndirməni təsdiqləmək üçün onun 2007-2024-cü illər ərzində bir neçə dəfə prezidentliyə namizəd olduğu, lakin uğur qazana bilmədiyi faktı göstərilir.
İstisna deyil ki, ABŞ-nin əsl məqsədi İran ərazisində quru hərbi əməliyyatlar aparmaqdır, Donald Trampın Qalibaf ilə “yaxşı, dərin və konstruktiv danışıqlar” barədə bəyanatı isə “yalnız diqqəti yayındırmaq məqsədi daşıyır”. Hər halda, nüfuzlu ekspert mənbələrinin hamısı bir məsələdə həmfikirdir: İrana qarşı İsrail-ABŞ müharibəsinin uzanması ABŞ-nin və onun prezidentinin nüfuzuna zərbə vurur. Böyük ehtimalla, postmünaqişə Yaxın Şərqdə ABŞ “dominant olmayacaq”.
Asif Cəfərov
Ordu.az