PUA-lara “hava-hava” qabiliyyəti qazandırılır

2026/03/photo-1774975261.jpg
Oxunub: 515     20:35     31 Mart 2026    
“Airbus” tərəfindən hazırlanmış önləyici pilotsuz uçuş aparatı “Frankenburg Technologies” tərəfindən hazırlanmış “Mark I” mini raketini buraxıb.

Ordu.az xəbər verir ki, “Airbus” və “Frankenburg Technologies” kamikadze pilotsuz uçuş aparatlarına qarşı hazırlanmış reaktiv mühərrikli önləyici pilotsuz uçuş aparatı “Bird of Prey” sisteminin ilk nümayişini Almaniyada yerləşən hərbi təlim poliqonunda uğurla həyata keçirib.

Real missiya ssenarisi əsasında keçirilən sınaqda sistem orta ölçülü kamikadze pilotsuz uçuş aparatını avtonom şəkildə axtarıb, aşkar edib və təsnifləndirib. Müəyyənləşdirmədən sonra “Mark I” raketi buraxılıb. Paylaşılan görüntülərdə hədəfin məhv edilməsi anı göstərilməyib.

“Mark I” raketi “Frankenburg Technologies” tərəfindən hazırlanmış aşağı xərcli “mini antidron raketi”dir. Şirkətin məqsədi mövcud sənaye standartları ilə müqayisədə 10 dəfə daha ucuz və 100 dəfə daha sürətli istehsal edilə bilən raket sistemləri hazırlamaqdır.

Sınaqdan sonra çıxış edən “Airbus”ın baş icraçı direktoru Mayk Şöllhorn bildirib ki, mövcud geosiyasi və hərbi şəraitdə kamikadze pilotsuz uçuş aparatlarına qarşı müdafiə təcili taktiki prioritetdir. O qeyd edib ki, “Bird of Prey” və “Mark I” raketləri silahlı qüvvələrə asimmetrik münaqişə mühitində mühüm boşluğu dolduran, sərfəli önləyici sistem təqdim edir: “Bu sistemin “Airbus”ın hava hücumundan müdafiə döyüş idarəetmə proqramına inteqrasiyası əməliyyat baxımından güc artırıcı rol oynayır”.

Doqquz ayda prototipdən uçuşa

Layihənin başlanmasından cəmi doqquz ay sonra keçirilən sınaq müasir hava hücumundan müdafiə üçün mühüm addım hesab olunur. Modifikasiya edilmiş “Airbus Do-DT25” pilotsuz uçuş aparatı əsasında hazırlanan “Bird of Prey” prototipi 2,5 metr qanad açılımına, 3,1 metr uzunluğa və 160 kq maksimum qalxma çəkisinə malikdir. Sınaq zamanı 2 ədəd Mark I raketi daşıyan platformanın əməliyyat versiyasının 8 ədədə qədər raket daşıya biləcəyi gözlənilir.

“Frankenburg Technologies”in baş icraçı direktoru Kusti Salm bildirib ki, bu inteqrasiya aşağı xərcli və kütləvi istehsala uyğun yeni raket sinfinin ilk dəfə pilotsuz uçuş aparatına tətbiqidir və hava hücumundan müdafiədə yeni qiymət dinamikası yaradır.

“Mark I” raketinin texniki xüsusiyyətləri:

Ölçü və çəki: 65 sm uzunluğa və 2 kq-dan az çəkiyə malikdir və indiyədək hazırlanmış ən yüngül idarəolunan önləyici vasitələrdən biridir.

Döyüş başlığı: Yaxın məsafədə hədəfləri zərərsizləşdirmək üçün nəzərdə tutulmuş qəlpəli döyüş başlığına malikdir.

Performans: Səsdən aşağı sürətlə uçan “atdım-unutdum” tipli raket 1,5 kilometrə qədər effektiv mənzilə malikdir.

Şirkətin açıqlamasına görə, “Bird of Prey” sistemi “Airbus”ın İnteqrasiya Edilmiş Döyüş İdarəetmə Sistemi vasitəsilə NATO-nun inteqrasiya edilmiş hava hücumundan müdafiə arxitekturası ilə uyğun işləyəcək şəkildə hazırlanıb. Bu xüsusiyyət sistemi çoxtəbəqəli hava və raketdən müdafiənin mobil və tamamlayıcı elementi edə bilər. “Airbus” və “Frankenburg” sistemi əməliyyat vəziyyətinə gətirmək üçün 2026-cı il ərzində döyüş başlıqlı əlavə sınaqlar keçirməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Airbus   Mark-I  


Bizi "telegram"da izləyin