Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Yaponiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Quru Özünümüdafiə Qüvvələrinə məxsus iki müxtəlif bazaya yerli istehsal “stand-off” tipli raketlər yerləşdirilib.
“Kyodo” agentliyinin məlumatına görə, yerləşdirmə Kumamoto prefekturasındakı “Kengun” düşərgəsi və Şizuoka prefekturasında yerləşən “Fuji” düşərgəsində həyata keçirilib.
“Type-12” raketi ilə mənzil 5 dəfə artırılıb
Yerləşdirilən sistemlər arasında olan təkmilləşdirilmiş “Type-12” raketi Yaponiya müdafiə sənayesi tərəfindən modernləşdirilərək əhəmiyyətli dərəcədə gücləndirilib. Əvvəlki versiyada təxminən 200 kilometr olan mənzil yeni konfiqurasiyada təxminən 1000 kilometrə çatdırılıb.
Bu artım Yaponiyaya ilk dəfə olaraq regiondan kənardakı hədəfləri birbaşa vurmaq imkanı verən “uzaqdan zərbə” qabiliyyəti qazandırır. Mütəxəssislərin fikrincə, sistem Çin materikinə qədər uzanan təsir radiusu yaradır.
“Əks-hücum” doktrinasında yeni mərhələ
Yaponiya müdafiə naziri Sindziro Koizumi bildirib ki, ölkə müharibədən sonrakı dövrün ən mürəkkəb təhlükəsizlik mühiti ilə üz-üzədir və bu yerləşdirmə çəkindirmə və müdaxilə imkanlarının gücləndirilməsi baxımından kritik əhəmiyyət daşıyır.
Bu addım Yaponiyanın uzun illər davam etdirdiyi yalnız müdafiəyə yönəlmiş hərbi doktrinadan tədricən uzaqlaşması kimi qiymətləndirilir.
Hipersəs sistemlər də tətbiq olunur
Eyni zamanda, ada müdafiəsi üçün hazırlanmış hipersəs planerlər sistemi (HGV) də Şizuokadakı “Fuji” bazasına yerləşdirilib. Bu sistemlərin 2028-ci ilə qədər Yaponiya üzrə müxtəlif bölgələrdə yerləşdirilməsi planlaşdırılır.
Yaponiyanın hazırladığı hipersəs planeri klassik ballistik raketlərdən fərqli olaraq atmosfer daxilində yüksək sürətlə manevr edə bilən sistemdir. Bu aparat raket vasitəsilə yüksək hündürlüyə qaldırıldıqdan sonra atmosferə daxil olur və “Mach 5” və daha yüksək sürətlə planerlənərək hədəfə doğru hərəkət edir.
Onun ən mühüm xüsusiyyəti proqnozlaşdırılması çətin uçuş trayektoriyası sayəsində mövcud hava hücumundan müdafiə sistemlərini yarmaq potensialına malik olmasıdır. Yüksək sürəti ilə yanaşı, üfüqi və şaquli manevr qabiliyyəti sistemin aşkar edilməsi və qarşısının alınmasını ciddi şəkildə çətinləşdirir.
Növbədə “Tomahawk” raketləri var
Yaponiya yalnız yerli sistemlərlə kifayətlənmir və ABŞ istehsalı olan “Tomahawk” qanadlı raketlərini də silahlanmaya daxil etməyə hazırlaşır. Təxminən 1600 kilometr mənzilə malik bu sistemlərin ilkin mərhələdə JS “Chokai” esminesinə yerləşdirilməsi planlaşdırılır.
Yaponiya 2025-ci ilin oktyabrında “Tomahawk” raketlərini tətbiq edə biləcək ilk döyüş gəmisi olan “Chokai”ni modernləşdirmə üçün ABŞ-yə göndərmişdi. Prosesin 2026-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
Qabaqcıl yönləndirmə sistemləri sayəsində hədəfə yüksək dəqiqliklə çatan “Tomahawk” əvvəlcədən proqramlaşdırılmış marşrutlar üzrə mürəkkəb relyef şəraitində belə effektiv fəaliyyət göstərə bilir. Müasir versiyalarında uçuş zamanı hədəfin yenilənməsi və yenidən istiqamətləndirilməsi imkanları da mövcuddur.
Sevinc Əliyeva
Ordu.az