Avropa Komissiyası İsraildə terrora görə ölüm cəzası ilə bağlı qanunu geriyə addım adlandırıb

2026/03/1774962533.jpg
Oxunub: 412     17:06     31 Mart 2026    
İsraildə terror aktlarına görə ölüm cəzasının tətbiqini nəzərdə tutan yeni qanun Avropa Komissiyasında narahatlıq doğurur, çünki bu qanun ayrı-seçkilik xarakteri daşıyır və faktiki olaraq insan hüquqlarının qorunması sahəsində “geriyə addım” hesab olunur.

Ordu.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının nümayəndəsi Ənvər əl-Ənuni bildirib.

O deyib: “Bu, İsrail tərəfindən insan hüquqlarının qorunması sahəsində geriyə addımdır. Avropa Komissiyası həm ölüm cəzasının tətbiqi faktından, həm də bu qanunun ayrı-seçkilik xarakterindən dərin narahatdır”. Onun sözlərinə görə, bu, “mənfi tendensiyadır”.

Daha əvvəl Knesset terrorçuluqda ittiham olunan şəxslər üçün asılma yolu ilə ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləmişdi. Qanuna əsasən, hökm hərbi məhkəmələr tərəfindən apellyasiya hüququ olmadan çıxarılacaq.

Üçüncü oxunuşda qanun layihəsi 120 yerlik Knessetin 62 deputatının dəstəyini qazanıb. Baş nazir Benyamin Netanyahu da lehinə səs verib. 48 deputat isə əleyhinə çıxıb. Müxalifət bu qanunu utancverici, qeyri-əxlaqi və demokratik əsas dəyərlərə, eləcə də beynəlxalq hüquqa zidd adlandıraraq onun İsrail Ali Məhkəməsində mübahisələndiriləcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AK   İsrail  


Bizi "telegram"da izləyin