Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrə görə, Qətərdə mayeləşdirilmiş təbii qaz tədarükünün kəsilməsi helium xammalının tədarükünü birbaşa məhdudlaşdırıb. Qətər heliumun demək olar ki, bütün həcmini Hörmüz boğazı vasitəsilə ixrac edir və bu marşrut hazırda münaqişə səbəbindən iflic vəziyyətinə düşüb.
KİV bildirib ki, vəziyyət Qətərin infrastrukturuna endirilən zərbələr nəticəsində daha da ağırlaşıb. Martın əvvəlində Ras Laffan şəhərində yerləşən mayeləşdirilmiş təbii qaz zavoduna İranın zərbələri ciddi ziyan vurub və bu, heliumun illik ixracını 14% azaldıb. Qeyd olunur ki, hətta döyüş əməliyyatları yaxın vaxtda dayandırılsa belə, istehsal güclərinin bərpası beş ilə qədər vaxt apara bilər.
“Çatışmazlıq artıq tədarükün məhdudlaşdırılması sisteminin tətbiqinə səbəb olub. ABŞ-nin “Airgas” şirkəti fors-major vəziyyəti elan edərək müştərilərə yalnız adi tələbatın yarısını qarşılaya bildiyini bildirib. Bundan əlavə, şirkət hər 100 kub fut qaz üçün (müqavilə qiymətindən əlavə) 13,50 dollar həcmində əlavə ödəniş tətbiq edib”, - deyə nəşr qeyd edib.
Sevinc Əliyeva
Ordu.az