Ordu.az xəbər verir ki, bunu Konnektikut ştatını təmsil edən demokrat senator Kris Merfi deyib.
O, Pentaqon və Ağ Ev nümayəndələrinin qapalı brifinqlərində iştirak edir.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio “ABC News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ əməliyyatın ilkin məqsədlərini dəyişməyib. Bu məqsədlər İranın hərbi hava və hərbi dəniz qüvvələrinin, raket potensialının, eləcə də raket və pilotsuz uçuş aparatlarının istehsal imkanlarının məhv edilməsini nəzərdə tutur.
Merfi isə bildirib: “Problem ondadır ki, bunlar taktiki məqsədlərdir, lakin strategiya deyil, çünki ümumiyyətlə strategiya yoxdur. Bu məqsədlərə ayrı-ayrılıqda baxaq və brifinqlərdən əldə etdiyim məlumatlar əsasında izah edim ki, niyə biz bu müharibəni utancverici şəkildə uduzuruq”.
O qeyd edib ki, hava gücü ölkənin öz sərhədlərindən kənarda gücünü necə nümayiş etdirməsi və hava məkanını necə qoruması ilə bağlıdır, lakin pilotsuz uçuş aparatları artıq təyyarələri əvəz edir. “Biz onların bütün pilotsuz uçuş aparatlarını məhv edə bilmirik. Hücumlar pilotsuz vasitələrlə davam edir”, - deyə senator vurğulayıb.
Merfi əlavə edib ki, Hörmüz boğazını bağlayan İranın hərbi dəniz qüvvələri deyil, “minlərlə sürətli qayıq və kamikadze tipli insansız dəniz platformalarıdır”. “Onların pilotsuz uçuş aparatlarında olduğu kimi, bu vasitələrin də hamısını məhv edə bilmirik. Donanma olub-olmamasından asılı olmayaraq boğaz bağlı qalır”. - deyə o bildirib.
Senator diqqətə çatdırıb ki, bir neçə həftə əvvəl Rubio İranın raket potensialının “məhv edilməsindən” danışırdı, lakin indi bu ifadə “azaldılması” ilə əvəz olunub. “Niyə bu dəyişiklik baş verib? Çünki biz ilkin məqsədə nail olmuruq , İran hələ də raketlərinin böyük hissəsini saxlayır”, - deyə o qeyd edib.
Senatorun sözlərinə görə, ABŞ İranı Yaxın Şərqdə yerləşən Amerika bazalarına və “regional enerji infrastrukturuna” zərbələr endirməkdən çəkindirə bilmir. Bu çərçivədə İordaniyada yerləşən aviabazaya da hücumlar həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az