Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan İstintaq Komitəsinin İrəvan şəhər istintaq idarəsinin qarşısında jurnalistlərlə söhbətində “Oğulların çağırışı” QHT-nin sədri, məhv edilmiş erməni hərbi qulluqçunun arvadı Arus Harutyunyan martın 29-da Müqəddəs Anna kilsəsində baş verən insidentə münasibət bildirərkən deyib.
“Yəni kilsə doludur, sən itələyərək içəri daxil olursan, gənclər sakit dayanıb, sən isə itələyirsən, sənin mühafizəçilərin insidenti təhrik edir. O, seçki kampaniyasına çıxanda öz adamlarını gətirib qarşısına yığır, həmin gün hər şey sakit və insidentsiz keçir, amma plansız şəkildə çıxanda mütləq bir insident baş verir. Bu nə deməkdir? Bu o deməkdir ki, xalq səni nifrət edir, Nikol, rədd ol, get”, - deyə o bildirib.
Daha əvvəl Ermənistan KİV-ləriməlumat vermişdi ki, martın 29-da, “Palma bazarı” günü ibadət zamanı Nikol Paşinyanın, hakim partiya nümayəndələrinin və təhlükəsizlik əməkdaşlarının kilsəyə daxil olmasından sonra Müqəddəs Anna kilsəsində insident baş verib. Paşinyanın mühafizəçiləri “Belə mənə baxma” deyən bir gənci itələyiblər. Bundan sonra 3 nəfər saxlanılıb.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə) ilə cinayət işi başlanıb.
Hazırda 3 nəfər saxlanılıb. Saxlanılanlardan ikisi məktəbli olan əkiz qardaşlardır.
Erməni vəkil Lusine Martirosyan bildirib ki, saxlanılan əkiz qardaşların həbs ilə uyğun olmayan xəstəliyi var.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, martın 29-da Müqəddəs Anna kilsəsində baş verən insidentlə bağlı cinayət işi üzrə ibtidai istintaq zamanı D.M.-yə qarşı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi və 452-ci maddəsinin 3-cü hissəsi ilə, M.M.-yə qarşı 46-297-ci maddənin 1-ci hissəsi və 46-452-ci maddənin 3-cü hissəsi ilə, Q.Q.-yə qarşı isə 46-297-ci maddənin 1-ci hissəsi və 46-452-ci maddənin 3-cü hissəsi ilə ittiham irəli sürülüb.
Alpər Mövludoğlu
Ordu.az