“Financial Times”: Heqset ilə bağlı investisiya cəhdi İrana qarşı əməliyyatdan əvvəl olub

2026/03/1772652779.jpg
Oxunub: 373     14:12     31 Mart 2026    
ABŞ-nin müharibə naziri Pit Heqset ilə əlaqəli broker İran əleyhinə ABŞ-İsrail hücumundan əvvəlki həftələrdə qabaqcıl müdafiə şirkətlərinə iri investisiyalar yatırmağa çalışıb.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri vəziyyətlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, “Morgan Stanley”də çalışan broker fevral ayında “BlackRock” şirkəti ilə əlaqə saxlayaraq Tehrana qarşı ABŞ hərbi əməliyyatının başlanmasından az əvvəl “Defense Industrials Active ETF” birja fonduna çoxmilyonlu investisiya yatırılması məsələsini müzakirə edib.

Mənbələr bildirir ki, belə nüfuzlu potensial müştərinin adından təqdim olunan sorğu “BlackRock”ın daxili sistemində qeydə alınıb. “BlackRock”, “Morgan Stanley” və Pentaqon məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Nəşr qeyd edir ki, sövdələşmə sonda baş tutmayıb, çünki fond “Morgan Stanley”nin müştəriləri üçün əlçatan olmayıb.

Eyni zamanda, Pentaqon “Financial Times”in bu barədə yaydığı məlumatı təkzib edib və bildirib ki, müdafiə naziri Pit Heqset ilə bağlı belə investisiya cəhdi olmayıb. Müharibə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell “X” sosial şəbəkəsində jurnalistlərin iddialarını yalan adlandırıb.

Onun sözlərinə görə, Heqsetin şəxsi brokerinin “BlackRock” investisiya şirkətinə müraciət etməsi barədə məlumat həqiqəti əks etdirmir.

“Bu, insanları çaşdırmaq məqsədi daşıyan növbəti əsassız və həyasız böhtandır”, - deyə Parnell yazıb və nəşrdən təkzib tələb edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   ABŞ  


Bizi "telegram"da izləyin