Ukrayna Körfəzə Daxil Olur: Riyadla Müdafiə Sazişi Yeni Geosiyasi Xətt Yaradır

2026/03/1774896060.jpg
Oxunub: 842     22:41     30 Mart 2026    
İran əleyhinə İsrail-ABŞ müharibəsi fonunda bütün baxımlardan gözlənilməz və bu baxımdan da son dərəcə mühüm hadisə baş verib. Ukrayna Prezidenti Volodimir Zelenski birgünlük işgüzar səfərlə Səudiyyə Ərəbistanına gedib və vəliəhd Məhəmməd bin Salman ilə danışıqlar aparıb. Nəticədə tərəflərin müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Beləliklə, Ukrayna hələlik Avropada Fars körfəzi regionunun aparıcı dövləti olan Səudiyyə Ərəbistanı ilə müdafiə, hərbi sənaye və texnologiyalar sahəsində rəsmi əməkdaşlıq quran yeganə ölkədir. Ukrayna region ölkələrinə təxminən 250 mütəxəssis göndərib və onlar İranın pilotsuz uçuş aparatlarına qarşı mübarizəni təşkil edirlər.

Ukrayna prezidentinin Səudiyyə Ərəbistanına səfərinin mühüm detalları, şübhəsiz ki, nə bu gün, İranla müharibə davam etdiyi və İran İslam Respublikasının regionda ABŞ hərbi bazalarını və enerji infrastrukturunu hədəfə aldığı şəraitdə, nə də yaxın gələcəkdə açıqlanacaq.

Faktın əhəmiyyəti ondadır ki, artıq beşinci ildir nüvə dövləti olan Rusiyanın hücumuna məruz qalan, eyni zamanda bir ildən çox müddətdə ABŞ prezidentinin birtərəfli siyasi təzyiqləri və hərbi yardımın məhdudlaşdırılması ilə üzləşən Ukrayna buna baxmayaraq müqavimət qabiliyyətini yüksək səviyyədə saxlayıb və hərbi sahədə elə bir mərhələyə çatıb ki, onun prezidenti üçün beynəlxalq səviyyədə təsirli rol oynamaq imkanı yaranıb.

Səudiyyə Ərəbistanı təkcə islam dünyasında deyil, həm də beynəlxalq səviyyədə nüfuzlu monarxiyadır və Fars körfəzində ABŞ-nin, ehtimal ki, ən təsirli müttəfiqidir. Ukrayna ilə Səudiyyə Ərəbistanı arasında hərbi-texniki və texnoloji əməkdaşlıq Vaşinqtonun Ukrayna üzrə mövqeyinə təsir etməyə bilməz. Bu əməkdaşlıq eyni zamanda Yaxın Şərqdə ənənəvi olaraq “güclü oyunçu” imicinə malik olan Rusiyaya da reputasiya baxımından zərbədir.

Səudiyyə Ərəbistanı ilə Ukrayna arasında müdafiə əməkdaşlığı istisna deyil ki, regionun digər ölkələri, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri üçün də nümunə olsun və eyni zamanda Türkiyə ilə ərəb dünyası arasında strateji yaxınlaşma meyillərinə təsir göstərsin.

Zelenskinin bu diplomatik uğuru, ehtimal ki, NATO üçün də Ukraynanın əhəmiyyətini kəskin şəkildə artıracaq.

Belə səviyyəli və əhəmiyyətli razılaşmalar adətən uzun müddət ərzində və ən xırda detallara qədər müzakirə olunur. Ukraynanın Səudiyyə Ərəbistanında diplomatik əlaqələri nə vaxt və necə formalaşdırdığı, bu prosesdə hansı ölkələrin ona kömək etdiyi isə artıq ayrıca məsələdir.

Fakt ondan ibarətdir ki, Ukrayna Avropa səviyyəsində öz subyektliyini ciddi şəkildə artırıb və bu, nəticəsiz qalmayacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Fars-körfəzi  


Bizi "telegram"da izləyin