Mirzoyan erməni deputata Rusiyaya giriş qadağası ilə bağlı: “İzah tələb edəcəyik”

2026/03/1774254444.jpg
Oxunub: 444     10:42     29 Mart 2026    
“Martın 26-dan 27-nə qədər mən Aşqabadda Ermənistanı parlamentlərarası dialoqda təmsil etmək şərəfinə malik idim, lakin Rusiya aviaşirkəti biletləri ləğv etdi, mən diplomatik pasportla səfər edirdim”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı hakim partiyadan olan deputat Marina Qazaryan bildirib.

O, xarici işlər naziri Ararat Mirzoyana müraciət edərək deyib: “Sizcə, Ermənistana izahat verilməlidirmi? İkinci məsələ budur ki, Ermənistanın vəzifəli şəxsinə qarşı yanlış addım atılıb. Mən diplomatik fəaliyyət həyata keçirirdim və Rusiyanın ərazisinə daxil olmayacaqdım, uçuşum tranzit xarakter daşımalı idi. Üçüncü sualım isə budur: Ermənistan bu halda nə etməlidir?”.

Cavabında Ararat Mirzoyan bildirib: “Açığı, bu hadisə barədə mənə məlumat verilib və biz təbii olaraq detalları sizinlə və parlament aparatının əməkdaşları ilə dəqiqləşdirdikdən sonra mütləq Rusiya tərəfinə rəsmi diplomatik kanallar vasitəsilə müraciət edəcəyik, izahat tələb edəcəyik.

Əgər bu, Rusiya Federasiyasının mövqeyidirsə, həmçinin bu mövqeyin dəyişdirilməsini də təklif edəcəyik və hesab edirəm ki, məsələ bu mərhələdə ən azı cavablandırılıb.

Lakin mən qabağa keçərək məsələyə daha geniş baxmaq istəyirəm. Təəssüf ki, bu, ilk hal deyil ki, biz Rusiya Federasiyasının müəyyən səviyyəli rəsmiləri tərəfindən Ermənistanı təmsil edən şəxslərin girişinin məhdudlaşdırılması barədə eşidirik. Məsələn, indi yadıma düşür yerli özünüidarə orqanlarımızdan birinin, Artik şəhərinin icra başçısının hadisəsi. Bu cür hallar, əlbəttə, təəssüf doğurur. Sonra biz deyəndə ki, Ermənistana qarşı qarışıq və ya hibrid xarakterli fəaliyyətlərin bir hissəsi məhz həmin dövlətdən gəlir, təəccüblə bizə baxırlar və deyirlər ki, belə şeyi necə demək olar.

Hibrid fəaliyyətlərdən danışanda mütləq ölkənin ali rəhbərliyi tərəfindən koordinasiya olunan konkret addımları nəzərdə tutmaq lazım deyil. Kim üçün sirrdir ki, biz Rusiya mediasında müxtəlif səviyyəli rəsmilər tərəfindən Ermənistanın qanuni seçilmiş hökuməti və baş naziri haqqında qeyri-münasib ifadələr eşidirik.

Bu, Rusiya-Ermənistan dostluq münasibətləri üçün yaxşı deyil, biz mövqenin dəqiqləşdirilməsini də xahiş edəcəyik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin