
İstehsalı BMC POWER tərəfindən davam etdirilən BATU Güc Qrupu yalnız mühərrik sistemi deyil, həm də inteqrasiya edilmiş güc ötürmə sistemidir. Onun tərkibinə mühərrik, transmissiya (sürətlər qutusu), soyutma sistemləri, hava filtrasiyası blokları, işlənmiş qaz sistemi və elektron idarəetmə blokları kimi bir çox kritik alt sistem daxildir. Bu quruluş zirehli platformalara yüksək performans, dayanıqlılıq və döyüş şəraitində etibarlılıq qazandırmaq üçün hazırlanıb.
Texniki xüsusiyyətlər
BATU Güc Qrupunun texniki komponentləri aşağıdakı kimidir:
Mühərrikin tipi:
12 silindrli, V tipli, turbodizel
Su ilə soyudulan sistem
Güc və fırlanma anı:
Təxminən 1500 at gücü (təxminən 1100 kVt)
Minimum 4600 Nm fırlanma anı
İşçi həcmi:
Təxminən 27-27,5 litr
Transmissiya:
6 irəli və 2 geri sürətə malik çarpaz ötürməli transmissiya
İdarəetmə və əyləcləmə funksiyalarına inteqrasiya edilmiş quruluş
Yardımçı sistemlər:
İnteqrasiya edilmiş soyutma qrupu
Hava filtrasiyası sistemi
İşlənmiş qaz sistemi
Çoxfunksiyalı idarəetmə bloku

Mühərrik hissəsində BATU-nun ən diqqətçəkən xüsusiyyətlərindən biri 12 silindrli V tipli turbodizel mühərrik quruluşuna malik olmasıdır. Bu quruluş yüksək güc hasil etməyə imkan verir və ağır zirehli platformaların ehtiyac duyduğu fırlanma anını təmin edə bilir. Su ilə soyudulan mühərrik sistemi iş temperaturunun nəzarət altında saxlanmasına kömək edir, sistemin xidmət müddətini uzadır və səmərəliliyi artırır.
BATU mühərriki təxminən 1500 at gücünə malikdir və minimum 4600 Nm fırlanma anı hasil edə bilir. Bu göstəricilər xüsusilə çəkisi 60 tondan artıq olan müasir döyüş tanklarının hərəkət qabiliyyəti baxımından olduqca vacibdir. Mühərrikin işçi həcmi isə təxminən 27-27,5 litr arasında dəyişir. Bu həcm mühərrikin ağır istismar şəraitinə uyğun yüksək həcmli silindrlərlə təchiz olunduğunu göstərir.

Transmissiya sistemi də BATU-nun mühüm komponentlərindən biridir. 6 irəli və 2 geri sürətə malik olan bu sistem çarpaz ötürmə xüsusiyyəti sayəsində tankın idarəetmə və əyləcləmə funksiyalarına inteqrasiya edilmiş şəkildə fəaliyyət göstərir. Bu isə tankın yüksək manevr qabiliyyəti qazanmasına və döyüş meydanında effektivliyinin artmasına imkan verir.
Ümumi xüsusiyyətlər
Tam yerli və texnoloji müstəqillik:
BATU mühərrik, transmissiya və əlaqəli sistemlərlə birlikdə tamamilə yerli imkanlarla hazırlanıb.
Çətin sınaq və kvalifikasiya prosesləri:
10 000 kilometrlik sahə sınaqları, ağır relyef şəraitində dayanıqlılıq və etibarlılıq yoxlamaları planlaşdırılıb.
Strateji əhəmiyyəti:
Müdafiə sənayesində embarqolara qarşı müstəqillik təmin etməyi hədəfləyir.
Seriyalı istehsal planları:
85 tankın xarici güc qrupu ilə, 165 tankın isə BATU ilə təchiz edilməsi nəzərdə tutulur. Ümumilikdə 250 tankın 4 il ərzində təhvili planlaşdırılır.
Bütün bu sistemlərdən əlavə, güc qrupunun yardımçı elementləri olan soyutma sistemi, hava filtri, işlənmiş qaz sistemi və elektron idarəetmə bloku da xüsusi olaraq hazırlanıb. Bu elementlər güc qrupunun ətraf mühit şəraitinə və döyüş meydanındakı mexaniki yüklərə qarşı dayanıqlığını artırır və sistemin daha uzun müddət fasiləsiz fəaliyyət göstərməsini təmin edir.

BATU Güc Qrupunun hazırlanma prosesi ciddi sınaqlarla müşayiət olunub. Prototiplərin sınaq mərkəzlərində müxtəlif ssenarilər üzrə yoxlanılması məhsulun həm təhlükəsizliyini, həm də performansını təsdiqləyib. Həmçinin mühərrik və transmissiyanın əvvəlcə ayrı-ayrılıqda, daha sonra birlikdə sınaqdan keçirilməsi sistemin inteqrasiya edilmiş fəaliyyəti ilə bağlı mühüm məlumatlar əldə etməyə imkan verib.
İnkişaf prosesi
İlk işə salınma:
BATU mühərrikinin BMC POWER Sınaq Mərkəzində ilk işə salınması 2021-ci ildə uğurla həyata keçirilib.
Layihə təqvimi və seriyalı istehsal:
Sınaq və qəbul proseslərindən sonra 2024-cü ildə tank üzərində qəbul mərhələsinin tamamlanması, 2026-2028-ci illərdə isə seriyalı istehsala başlanılması hədəflənir.
Dəyanət Ağalarlı
Ordu.az