Hindistan BƏƏ-yə HHM sistemləri və “BrahMos” raketlərinin satışını müzakirə edir

2025/11/1763549028.jpg
Oxunub: 232     19:18     22 İyun 2026    
Hindistan hökuməti Birləşmiş Ərəb Əmirlikləri ilə bir sıra hava hücumundan müdafiə sistemlərinin, eləcə də Hindistan-Rusiya birgə istehsalı olan silahların mümkün satışı ilə bağlı danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Hindistan mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri bir neçə sistemə, o cümlədən “BrahMos” səsdən sürətli qanadlı raketinə və “Akashteer” hava hücumundan müdafiə sisteminə maraq göstərib.

Mənbələrin bildirdiyinə görə, danışıqlar hələ ilkin mərhələdə olsa da, proses kifayət qədər sürətlə irəliləyir.

Hindistan rəsmiləri və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.

Reuters qeyd edir ki, BƏƏ-nin Hindistan istehsalı silahlara marağı İran və ABŞ arasında gərginlik fonunda baş verən son regional münaqişə və zərbələrdən sonra daha da artıb.

“BrahMos” raketi Hindistan və Rusiyanın birgə yaratdığı “BrahMos Aerospace” müəssisəsi çərçivəsində hazırlanıb. Raket quru, dəniz və hava platformalarından buraxıla bilir.

Onun uçuş məsafəsi təxminən 290 kilometr təşkil edir, sürəti isə səs sürətini üç dəfədən çox üstələyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   BƏƏ   BrahMos  


Bizi "telegram"da izləyin