Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“İstənilən ölkənin hökuməti üçün bir nömrəli məsələ təhlükəsizlikdir. Əgər təhlükəsizlik varsa, iqtisadi, sosial və digər proqramları həyata keçirmək mümkündür. Əgər təhlükəsizlik yoxdursa, ölkə problemlərə sürüklənir, investisiya mühiti dərhal mənfi və riskli kimi qiymətləndirilir və s. Təhlükəsizlik yalnız ordu demək deyil, əlbəttə, ordu ən vacib hissədir, lakin təhlükəsizlik həm də düzgün siyasət, strateji müttəfiqlərə malik olmaq, proqnozlar aparmaq və düzgün hesablamalarla hərəkət etməkdir”, - deyə o qeyd edib.
Köçəryan avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli görüşü və “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) nümunəsini gətirərək izah edib ki, mövcud hakimiyyət təhlükəsizlik alətlərindən necə istifadə edir.
“Tramp yolu” ətrafında elə bir hay-küy yaratdılar ki, sanki milyardlarla dollar gələcək, ölkə çiçəklənəcək, dünya kəsişməsinə çevriləcək. Biz nə deyirdik? Deyirdik ki, ABŞ-nin bu regionda açıq-aşkar iqtisadi maraqları yoxdur və görürük ki, bu daha çox İran sərhədi ilə bağlıdır. Ermənistanın cəmi 26 faizinin bu layihədə olması da bunun açıq sübutudur. 8 ay keçib, indi bu layihə haqqında kim danışır? Heç kim. Bizim proqnozumuz, təəssüf ki, tam doğruldu. Amma Ermənistanda ütünü də, soyuducunu da qoşsaydın, hamı bu layihədən danışırdı, guya tarixi bir hadisə idi”, - deyə o qeyd edib.
Köçəryan xatırladıb ki, onlar layihəni genişləndirməyi və İranın etimad göstərdiyi ölkələri cəlb etməyi təklif edirdilər.
“Bu halda layihə ilə bağlı problem olmazdı. Ya da təklif edirdik ki, Mehri üzərindən keçən 42 km-lik hissəni öz vəsaitimiz hesabına tikək, tranzit baxımından ən böyük potensiala malik torpaq sahəmizi başqa ölkəyə verməyək. İndi həyat göstərdi ki, bu hakimiyyət ya aldadırdı, ya da proqnozlaşdıra bilmir”, - deyə o bildirib.
Köçəryan, həmçinin avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişinə də toxunub.
“Son 8 ayda sülh mövzusu hakimiyyətin əsas mövzusuna çevrilib. Kim nə barədə danışırsa, hakimiyyət nümayəndələri sülhdən danışır. Biz nə deyirdik? Zəmanətli sülhdən danışırdıq. Elə bir sülhdən ki, nə Paşinyandan, nə “Vətəndaş Müqaviləsi”ndən, nə Trampdan, nə də məndən asılı deyil. Zəmanətli sülh beynəlxalq mexanizmlərin tətbiqi deməkdir. İndi nə baş verir? Məlum olur ki, paraflanmış sənəd boş çıxıb. Paşinyan və hakimiyyət nümayəndələri deyirlər ki, əgər o yenidən seçilməsə, sentyabrda müharibə olacaq. Bu sülhdürmü? Əslində, 7,5 ay ərzində insanlara sülh barədə danışırdılar, sonra məlum oldu ki, bu sülh seçkilərin nəticələrindən asılıdır. Bu hansı sülhdür ki, seçkilərlə bağlıdır? 7,5 ay səsləndirdikləri sülh tezisini indi 24 saatlıq rejimdə özləri dağıdırlar”, - deyə Köçəryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az