Ordu.az xəbər verir ki, bunu bu gün repatriantlarla görüş zamanı “Hayastan” blokunun lideri, Ermənistanın sabiq prezidenti Robert Köçəryan hakimiyyətə gələcəyi halda təhsil sahəsində hansı islahatların aparılacağı sualına cavab verərkən deyib.
“Dərsliklərdə elə şeylər edilir ki, hətta mənim bildiyimə görə, bir çox hallarda müəllimlər özləri belə həmin dərsliklərlə dərs keçmək istəmirlər və bu, kütləvi hal alıb. Əlbəttə, bunların hamısı dəyişdirilməlidir və dəyişdirəcəyik.
Bu gün polisin əhəmiyyətli hissəsi “Facebook” səhifələrini oxumaqla və sosial şəbəkələrdə “cinayətkarlar” axtarmaqla məşğuldur. Bunun fonunda narkomaniya biabırçı səviyyəyə çatıb və onunla mübarizə görünmür. Bu baxımdan, siyasi komponenti və ya digər motivləri olan bütün cinayət işləri üzrə, əgər artıq hökm çıxarılıbsa, əlbəttə, amnistiya tətbiq olunmalıdır və biz bu qərarı mütləq verəcəyik. Bəli, böyük amnistiya bizim proqram müddəamızdır, amma amnistiya kifayət deyil. Anlamaq lazımdır ki, necə oldu ki, bütöv bir sistem belə işləri kütləvi şəkildə “istehsal etməyə” başladı”, - deyə Köçəryan bildirib.
O, həmçinin qeyd edib: “Bu hakimiyyət modeli dəyişdirilməlidir ki, növbəti hakimiyyət də bir neçə ildən sonra eyni üsullarla hərəkət etməyi düşünməsin. Mənim üçün tamamilə utancverici faktdır ki, SMS-lərlə Ali Məhkəmə Şurasının sədrini, İstintaq Komitəsinin rəhbərini və başqalarını vəzifədən azad etmək mümkündür.
Heç zəhmət çəkmirlər ki, çağırıb desinlər: sən bu səhvi etmisən, buna görə istefa verməyini tövsiyə edirik. Bu gün cəmiyyət hələ də səbəbləri bilmir, bu pis yuxu idi, kənardan hansısa şayiə idi, yoxsa başqa bir şey? Nə SMS göndərən izahat verir, nə də həmin SMS-lə vəzifəsindən gedən şəxs. Heç kim izah vermir, amma demokratiya və şəffaflıqdan danışırlar”.
Alpər Mövludoğlu
Ordu.az