Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu yazıb.
Lakin “Azadlıq” radiosunun yazılı sorğusuna Ermənistan MTX tərəfindən verilən cavabdan məlum olur ki, sərhəd qoşunlarının hərbçiləri məhz fəaliyyət göstərməyən “Axurik” keçid məntəqəsində xidmət aparır.
KİV bildirib ki, bu keçid məntəqəsi sərhədyanı Axurik kəndində deyil, sərhəddən uzaqda yerləşən Axuryan kəndinin dəmir yolu stansiyası ərazisində yerləşir.
Erməni sərhədçilərin fəaliyyət göstərməyən məntəqədə hansı xidmət apardıqları və əvvəllər orada rusların yerləşdirilib-yerləşdirilmədiyi barədə Ermənistan MTX dəqiq məlumat verməyib.
Eyni zamanda təsdiqlənib ki, sərhədyanı Axurikdə Ermənistan-Türkiyə dövlət sərhədinin qorunmasını hələ də Ermənistan ərazisində yerləşən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirir. Bu, 1992-ci ildə imzalanmış “Ermənistan və Rusiya arasında Ermənistan ərazisində yerləşən Rusiya sərhəd qoşunlarının statusu və fəaliyyət şərtləri haqqında” müqaviləyə əsasən həyata keçirilir.
Martın əvvəlində Axurik kəndinə səfər zamanı “Azadlıq” radiosu müşahidə edib ki, nəzarət məntəqəsində hələ də rus hərbçilər xidmət aparır.
Ermənistan MTX “Azadlıq” radiosunun sorğusuna cavabı müəyyən olunmuş müddəti pozaraq göndərib, cavab martın 13-ü əvəzinə martın 24-də təqdim olunub.
Alpər Mövludoğlu
Ordu.az