Erməni aksiya iştirakçısı: “Məğlubiyyətin qarşısını ala bilməzdikmi və niyə müharibənin nəticələri altı ildir ardıcıl olaraq fəlakətli olur?”

2026/03/1774357046.jpg
Oxunub: 346     16:53     24 Mart 2026    
“İtkin düşmüş şəxslərin valideynləri ümid edirdilər ki, 44 günlük müharibə üzrə istintaq komissiyası dörd il ərzində verilən vədlərdən sonra onların itkin düşmüş övladlarının və yaxınlarının axtarışı ilə bağlı məsələlərə aydınlıq gətirəcək”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı jurnalistlərə açıqlamasında aksiyanın təşkilatçılarından biri Mikayel Markaryan bildirib.

“Döyüşlərdə ölmüş döyüşçülərin valideynləri aksiyaya qoşulublar. Onların çoxlu sualları var: övladları hansı şəraitdə ölüb, kim komandir olub və s. Müharibə meydanında olmuş, döyüşlərdə iştirak etmiş və bu gün çoxsaylı sualları olan şəxslər də qoşulurlar: məğlubiyyətin qarşısını ala bilməzdikmi və niyə müharibənin nəticələri altı ildir ardıcıl olaraq fəlakətli olur?

Bəli, xalq indi seçkilərə gedir, bu seçkilər taleyüklü ola bilər və seçkilərə yalan mühitində getmək yolverilməzdir. Buna görə də bu, bütün siyasi qüvvələrə və cəmiyyətin bütün təbəqələrinə çağırışdır: bu tələbə qoşulun ki, seçiminiz ədalətli olsun və Ermənistanın az da olsa bərpa olunması perspektivi yaransın.

Biz artıq parlament sədrinə yazılı müraciət etmişik, o isə hesabatı dərc etməkdən imtina edib. Buna görə də bu gün fraksiya rəhbərlərinə müraciət edəcəyik ki, həmin məsələni parlamentdə qaldırsınlar”, - deyə o bildirib.

“Hesabatın açıqlanması nə verəcək?” sualına cavab olaraq Markaryan bildirib: “Komissiyanın rəhbəri olmuş Andranik Köçəryanın sözlərinə görə, eləcə də üzvlərin etiraflarına əsasən minlərlə cinayət işi qaldırıla bilər. Araşdırmalar artıq çoxlu sayda təqsirli şəxslərin adlarını və bir çox problemli məsələləri üzə çıxarıb. Hökumət məsələ qaldırmışdı ki, təkcə müharibə deyil, həm də diplomatik fəaliyyət və müharibədən əvvəlki vəziyyət araşdırılmalıdır. Necə oldu ki, danışıqlarımız müharibəyə gətirib çıxardı, müharibə zamanı nə baş verdi, müharibədən sonra nə baş verdi, Qarabağda nə baş verdi, arxa cəbhədə nə baş verdi? Bütün bu sualları hökumət parlament qarşısında qoyub, üstəlik, hesabatın mütləq dərc olunmasını tələb edib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Markaryan  


Bizi "telegram"da izləyin