Erməni ekspert: “Cənubi Qafqazda Aİ-nin əsas diqqəti bu gün Ermənistana yönəlib, Ermənistanın öz vektorunda qalması üçün hər şeyi edəcək”

2026/03/1773852775.jpg
Oxunub: 404     17:12     24 Mart 2026    
Avropa İttifaqının yüksək nümayəndəsi Kaya Kallas yaxın günlərdə bildirib ki, Aİ seçkilər öncəsi təhdidlərə qarşı mübarizədə kömək etmək üçün Ermənistana “hibrid çevik reaksiya qrupu” göndərəcək.

Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərlə görüşdə Kallas qeyd edib ki, “regionda demokratiyanın sabitliyinə dəstək prioritet olaraq qalır”.

“Biz Ermənistanı xarici müdaxiləyə qarşı mübarizədə tək qoymayacağıq. Təzyiq altında olan demokratiyalar Avropaya arxalana bilər”, - deyə diplomat bildirib və İrəvanın yardım istədiyini xatırladıb.

Ordu.az xəbər verir ki, İrəvan Dövlət Universitetinin siyasi institutlar və proseslər kafedrasının müdiri, erməni siyasi elmlər doktoru, professor Qarik Keryan mövzunu şərh edib.

Onun sözlərinə görə, baş verənlər əsasən anlaşılandır, çünki Aİ bu gün postsovet məkanında qərbyönümlü rejimləri qorumaq və saxlamaq vəzifəsi qarşısındadır.

“Biz bilirik ki, Qərb, xüsusilə də Aİ Rusiya ilə kəskin qarşıdurma şəraitindədir. Eyni zamanda, Rusiyanın xarici siyasət prioriteti postsovet məkanında təsirini bərpa etməkdir. Bu kontekstdə hər şey aydındır. Aİ öz strateji məqsədlərinə yalnız postsovet məkanında anti-Rusiya, qərbyönümlü rejimləri qoruyub gücləndirdiyi halda çata bilər. Rusiya isə əksinə, öz təsirini rusiyapərəst qüvvələri gücləndirməklə və qərbyönümlü rejimlərin seçkilərdə məğlub olması ilə bərpa edə bilər.

Biz Moldovada necə kəskin mübarizə getdiyini və Aİ-nin Maya Sandu hakimiyyətini qorumaq üçün nə qədər böyük səylər göstərdiyini gördük. Ukraynanı qorumaq üçün nə qədər böyük hərbi xərclər etdiyini də gördük. Bu gün isə Cənubi Qafqazda Aİ-nin əsas diqqəti Ermənistana yönəlib və böyük narahatlıq var ki, qarşıdakı seçkilərdə rusiyapərəst qüvvələr qalib gələ bilər”, - deyə o bildirib.

Erməni politoloq hesab edir ki, Aİ-nin hazırda “hibrid müharibəyə qarşı mübarizə” şüarı altında Ermənistanda təsirini artırmaq istəyi onun regionda geostrateji mövqelərini möhkəmləndirmək niyyəti ilə bağlıdır. Onun fikrincə, Cənubi Qafqazda təsirə sahib olmaq üçün üç ölkədə də güclü mövqelərə malik olmaq lazımdır.

“Hazırda regionda vəziyyət belədir: Azərbaycan tam şəkildə Türkiyəyə inteqrasiya olunub və Türkiyə bu gün Aİ təsiri altında deyil. Gürcüstan isə 2012-ci ildən sonra kəskin dönüş edərək Aİ təsirindən uzaqlaşıb. Bu gün artıq Brüsseldə Gürcüstanın Aİ-yə üzvlüyünün dayandırılması və hətta ölkə rəhbərliyinə qarşı sanksiyalar tətbiqi müzakirə olunur.

Beləliklə, Aİ-nin Azərbaycan və Gürcüstan üzərində təsiri yoxdur və Cənubi Qafqazda Aİ üçün ümid verən yeganə ölkə Ermənistan olaraq qalır”, - deyə o qeyd edib.

Keryanın sözlərinə görə, məhz buna görə Ermənistan həm Aİ, həm də ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.

Onun fikrincə, ABŞ iqtisadi və geosiyasi baxımdan Azərbaycana üstünlük versə də, Aİ üçün Ermənistanın siyasi kursu və xarici siyasət vektoru daha böyük əhəmiyyət daşıyır.

“Məhz bu səbəbdən Aİ Ermənistanın öz vektorunda qalması üçün hər şeyi edəcək”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Keryan   Ermənistan  


Bizi "telegram"da izləyin