Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
“Təsdiqlənmiş dəyişikliklərə əsasən, dövlət ehtiyacları siyahısına (bunun üçün torpaqların özgəninkiləşdirilməsi həyata keçirilə bilər) dövlət mülkiyyətində olan hava limanlarının, aerodromların genişləndirilməsi, həmçinin yeni hava limanlarının və aerodromların tikintisi əlavə edilib.
Bundan başqa, ölkənin Mülki Məcəlləsinə edilən dəyişikliklərə əsasən, dövlət ehtiyacı yarandığı halda dövlət mülkiyyətində olan torpaqları dəniz limanının ərazisinin genişləndirilməsi, eləcə də mövcud dövlət hava limanlarının və aerodromların genişləndirilməsi və ya yenilərinin tikintisi üçün geri ala biləcək.
Qeyd edək ki, 2021-ci ildə İlham Əliyev və Ərdoğan Füzuli hava limanını açmışdılar, 2022-ci ildə isə Zəngilanda Azərbaycan və Türkiyə prezidentləri hava limanının açılış mərasimində iştirak etmişdilər”, - deyə nəşr bildirib.
KİV yazıb ki, artıq 2025-ci ilin mayında isə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında beynəlxalq status almış Azərbaycan hava limanının açılışını etmiş, bu mərasimdə Pakistanın Baş naziri Şahbaz Şərif də iştirak etmişdi.
“Bu kontekstdə əlavə edək ki, 2025-ci ilin iyununda Bakıdan rəsmi olaraq bildirilmişdi ki, Qarabağda yeni hava limanının tikintisi planlaşdırılmır. Digər tərəfdən, istisna edilmir ki, 2023-cü ilin sentyabrında Qarabağın tam şəkildə itirilməsindən sonra Xankəndi və ya Xocalı hava limanının Azərbaycanın nəzarətinə keçməsi fonunda onun genişləndirilməsi zəruri hesab edilsin, modernləşdirmə ilə bağlı da fikirlər səsləndirilmişdi.
Eyni zamanda, 2025-ci ilin əvvəlində Bakı Bakı Beynəlxalq Dəniz Ticarət Limanından çox uzaq olmayan Ələt Azad İqtisadi Zonasında yeni hava limanının tikintisi barədə məlumat vermişdi.
Bəs Azərbaycanın mövcud hava limanlarının genişləndirilməsi və ya yenilərinin tikintisi məqsədilə İlham Əliyevin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişiklik etməsi hansı məqsədlərə xidmət edir və regional, eləcə də geosiyasi proseslər fonunda burada yalnız hərbi planlar və ya gizli məqamlar axtarmaq doğrudurmu?”, - deyə müəllif yazıb.
“168.am” bu mövzunu Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryanla müzakirə edib.
“Bu təşəbbüslər qısa və uzunmüddətli perspektivdə yalnız hərbi və təhlükəsizlik məqsədləri ilə məhdudlaşmır. Onlar dəyişən regional və geosiyasi mərhələdə daha geniş, həm də nəqliyyat və logistika “böyük oyunu”nun mühüm tərkib hissəsidir. Bu mərhələdə Azərbaycanda hava limanlarının tikintisi və limanların genişləndirilməsi ölkənin şərqdən qərbə uzanan hava, dəniz və quru yollarını birləşdirən nəqliyyat qovşaqlarının inkişafına yönəlib. Bu addımlar Azərbaycanın regionun əsas tranzit mərkəzinə çevrilməsinə hesablanıb ki, bu da artıq bu mərhələdə onun iqtisadi maraqlarının genişlənməsindən və investisiyaların cəlb olunmasından danışmağa imkan verir.
Eyni zamanda, bu addımlar həm daxili, həm də xarici auditoriya üçün aydın siyasi mesaj daşıyır ki, dövlət qurur, inkişaf etdirir və nəzarət edir. Bununla Azərbaycan göstərir ki, nəzarət etdiyi ərazilərdə uzunmüddətli möhkəmlənir və regionda əsas qovşağa çevrilmək niyyətindədir.
Lakin prioritet iqtisadi komponentlə yanaşı vurğulamaq lazımdır ki, uzunmüddətli perspektivdə bu proseslər, əlbəttə ki, həm də hərbi və təhlükəsizlik əhəmiyyətinə malikdir və istənilən regional dəyişiklik və ya ssenari üçün müvafiq infrastruktur bazası yaradır”, - deyə o qeyd edib.
KİV qeyd edib ki, 2025-ci ilin mayında Laçın hava limanının açılması ilə bağlı nəşrə açıqlamasında Şiraz Xaçatryan diqqəti bu fakta yönəltmişdi ki, bu, Azərbaycana Ermənistanın və İranın şimal sərhədlərini nəzarətdə saxlamağa imkan verir.
“Laçın hava limanı çox böyük simvolik və hərbi-siyasi əhəmiyyətə malikdir, bu, sadəcə hava nəqliyyatı nöqtəsi deyil. Açılışda iştirak edən Türkiyə və Pakistan göstərir ki, bu layihə yalnız Azərbaycan üçün deyil, həm də birgə güc nümayişidir. Bu, Ermənistana, İrana və ümumilikdə region oyunçularına mesajdır.
Laçın strateji yüksəklikdə yerləşir və bu yeni hava limanı faktiki olaraq müşahidə və nəzarət qovşağına çevrilir ki, bu da Azərbaycana müttəfiqləri ilə birlikdə Ermənistanın və İranın şimal sərhədlərinə nəzarət etməyə imkan verir.
Ümumilikdə Qarabağda Azərbaycanın qurduğu iri infrastruktur layihələri göstərir ki, müharibədən sonra Azərbaycan yalnız güc siyasətini davam etdirmir, həm də Rusiya və ya Qərbin əsas vasitəçiliyi olmadan yeni hərbi-siyasi arxitektura formalaşdırmağa çalışır”, - deyə erməni ekspert qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az