Erməni ekspert: “TRIPP-in taleyi birbaşa olaraq bu gün İran ətrafında baş verən proseslərdən asılıdır”

2026/03/1773812908.jpg
Oxunub: 374     15:37     24 Mart 2026    
“TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi regionda yeni kommunikasiya təşəbbüsü kimi təqdim edilsə də, əslində daha geniş geosiyasi məqsədlərə xidmət edir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni ekspert Armen Hovasapyan öz məqaləsində yazıb.

O qeyd edib ki, avqustun 8-dən sonra TRIPP regional kommunikasiya layihəsi kimi təqdim olunur, lakin bu təşəbbüs sadəcə iqtisadi və ya logistika layihəsi deyil, Cənubi Qafqazın geosiyasi yenidən qurulması cəhdidir.

Hovasapyanın sözlərinə görə, layihə ətrafında gedən proseslər göstərir ki, burada üç əsas amil, yəni İran ətrafında baş verən hərbi-siyasi inkişaflar, Azərbaycanın Naxçıvanın statusunu hüquqi baxımdan yenidən qiymətləndirməsi və Ermənistan hakimiyyətinin davranışı kəsişir.

Hovasapyan vurğulayıb ki, TRIPP layihəsi Türkiyə və Azərbaycan arasında yeni quru və logistika əlaqəsi yaradaraq Mərkəzi Asiyaya çıxışı təmin etməyi nəzərdə tutur.

“Lakin bu layihənin əhəmiyyəti təkcə iqtisadi deyil, həm də regionda qüvvələr balansını dəyişərək Türkiyə-Azərbaycan strateji xəttini gücləndirmək və İranla Rusiyanın təsirini məhdudlaşdırmaqdır. Məhz buna görə də layihənin taleyi birbaşa İran ətrafında baş verən hadisələrdən asılıdır.

Əgər İran xarici təzyiqlərə tab gətirə və mövcud siyasi sistemini qoruyub saxlaya bilsə, o zaman Tehran tərəfindən dəfələrlə qeyd olunan “qırmızı xətt” qüvvədə qalacaq. İran regionun sərhədlərini və kommunikasiya balansını dəyişə biləcək heç bir layihəni qəbul etmədiyini açıq şəkildə bəyan edib. Bu halda TRIPP yalnız məhdud və ya dəyişdirilmiş formada mövcud ola bilər və daha çox siyasi təzyiq aləti kimi istifadə edilər”, - deyə o qeyd edib.

Erməni ekspert qeyd edib ki, əgər İran zəifləsə və ya ölkə daxilində siyasi dəyişikliklər baş versə, vəziyyət köklü şəkildə dəyişə bilər.

“Belə ki, hakimiyyətin dəyişməsi və Vaşinqton üçün qəbulolunan sistemin formalaşması regionun kommunikasiya xəritəsini tamamilə yenidən quracaq. Bu halda kommunikasiya xətləri təkcə Ermənistan üzərindən deyil, birbaşa İran ərazisindən də keçə bilər.

Bu ssenari yeni imkanlar açsa da, eyni zamanda paradoksal vəziyyət yaradır. Belə ki, İran ABŞ üçün əsas strateji rəqib statusunu itirərsə, Cənubi Qafqazın Vaşinqton üçün geosiyasi əhəmiyyəti də azala bilər. Bu isə o deməkdir ki, layihələrin həyata keçirilməsi texniki baxımdan asanlaşsa da, onlara olan strateji maraq zəifləyə bilər”, - deyə o qeyd edib.

Hovasapyan Ermənistan hakimiyyətinin, xüsusilə baş nazir Nikol Paşinyanın TRIPP mövzusundan aktiv şəkildə istifadə etməsinə də diqqət çəkib.

Onun sözlərinə görə, rəsmi İrəvan bu layihəni regional kommunikasiya imkanlarının genişlənməsi və diplomatik uğur kimi təqdim etməyə çalışır.

Lakin o hesab edir ki, burada ciddi ziddiyyət mövcuddur.

“Çünki layihənin həyata keçirilməsi Ermənistanın nəzarətindən kənar amillərdən, İranın gələcəyindən və böyük güclər arasındakı münasibətlərdən asılıdır.

Bu vəziyyət Ermənistan üçün riskli siyasi mənzərə yaradır. Əgər İran mövqelərini qoruyub saxlasa, layihə reallaşmaya bilər və hakimiyyət ictimaiyyətə izah etməli olacaq ki, “tarixi imkan” kimi təqdim olunan təşəbbüs niyə həyata keçmədi. Əks halda isə proseslər Ermənistan üçün ikinci dərəcəli və ya məcburi rolun müəyyən edildiyi şərtlərlə inkişaf edə bilər.

Paşinyanın siyasi hesablamaları Ermənistanı növbəti geosiyasi çıxılmaz vəziyyətə sala bilər. Bir tərəfdən ictimaiyyətə xarici amillərdən asılı layihə təqdim olunur, digər tərəfdən isə regionun əsas oyunçuları daha mürəkkəb və genişmiqyaslı proseslərə hazırlaşdıqlarını göstərən addımlar atırlar”, - deyə Hovasapyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hovasapyan   Ermənistan  


Bizi "telegram"da izləyin