“Joğovurd”: Paşinyan Ermənistanın müstəqilliyini təhlükə altına atır

2026/03/1773809406.jpg
Oxunub: 361     16:49     24 Mart 2026    
Ermənistanda yeni konstitusiya layihəsinin mətni artıq hazırdır. Onun hakim “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin iclasında, həmçinin parlament fraksiyasında müzakirəyə çıxarılması planlaşdırılır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib, bu barədə Ermənistanın ədliyyə nazirinin yanında fəaliyyət göstərən ictimai şuranın ilk iclasında nazir Srbuhi Qalyan bildirib. O qeyd edib ki, Konstitusiya islahatları şurası çox aktiv işləyir və hər həftə iclaslar keçirilir. Erməni nazir əlavə edib ki, mətn artıq hazırdır, lakin hələlik onun dərc olunması ilə bağlı qərar verilməyib, çünki sənəd əvvəlcə hakim partiyanın rəhbərliyində və fraksiyasında müzakirə olunmalıdır.

“Yeni konstitusiyanın əsas mübahisə mövzusu qüvvədə olan Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın yer almasıdır ki, bu da Azərbaycana uyğun gəlmir. Təxminən bir il əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bu istinadı çıxarmaq niyyətini bildirmişdi. Bununla belə, Konstitusiya Məhkəməsi daha əvvəl sərhədlərin delimitasiyası qaydalarının təsdiqi zamanı bu məsələyə baxaraq bəyan etmişdi ki, Bəyannamədə ərazi iddiaları yoxdur və bu sənəd hüquqi nəticələr doğurmur. Lakin bu qərar Azərbaycan tərəfini qane etməyib və onlar Ermənistanın Konstitusiyasını dəyişməli olduğunu israrla bildiriblər.

Nikol Paşinyan isə son açıqlamasında mövqeyini daha da konkretləşdirərək qeyd edib ki, yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. O bildirib ki, həmin sənəd münaqişə məntiqi üzərində qurulub və bu yanaşma ilə müstəqil dövlət qurmaq mümkün deyil.

Azərbaycan Prezidentinin sözlərinə görə, Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinin çıxarılması hazırda sülh sazişinin imzalanması üçün yeganə şərtdir. Azərbaycan tərəfi hesab edir ki, bu sənəddə onlara qarşı ərazi iddiaları mövcuddur. Bəyannamədə isə “Qarabağla Ermənistanın birləşməsi”nə dair müddəa yer alır. Azərbaycan XİN rəhbəri daha əvvəl bildirmişdi ki, Konstitusiya ilə bağlı məsələ həll olunmadan sülh sazişi hüquqi baxımdan etibarsız olacaq”, - deyə nəşr bildirib.

“İşıqlı Ermənistan” partiyasının sədri Edmond Marukyan isə hesab edir ki, Bəyannamədən imtina etmək Ermənistanın müstəqilliyini təhlükə altına atmaq deməkdir.

O bildirib ki, bu sənədə istinadın Konstitusiyadan çıxarılması dövlətin “doğum şəhadətnaməsinin” ləğvi ilə eynidir.

Marukyanın sözlərinə görə, Paşinyan bu addımları ilə ölkənin müstəqilliyinə qarşı çıxır.

Marukyan qeyd edib ki, Paşinyanın Müstəqillik Bəyannaməsini “münaqişə sənədi” adlandırması faktiki olaraq Ermənistanın özünü münaqişə yaradan tərəf kimi təqdim etməsidir ki, bu da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Onun fikrincə, ölkənin müstəqilliyini qorumaq üçün Paşinyan yenidən baş nazir seçilməməlidir.

KİV-ə görə, konstitusiya layihəsi əvvəlcə hakim fraksiyada müzakirə olunacaq, daha sonra isə Konstitusiya Şurasında baxılacaq və səsverməyə çıxarılacaq. Layihə qəbul olunarsa, referenduma təqdim ediləcək.

Marukyan bildirib ki, o və şuradakı bəzi üzvlər bu dəyişikliklərin qarşısını almağa çalışacaqlar.

Digər tərəfdən, erməni hüquq müdafiəçisi Daniel İoannisyan bu mövqe ilə razılaşmayaraq qeyd edib ki, Müstəqillik Bəyannaməsinin hüquqi qüvvəsi yoxdur və onun Konstitusiyada qalması prinsipial əhəmiyyət daşımır. Onun fikrincə, daha vacib məsələ müxalifətin istintaq komissiyası yaratmaq hüququnun və antikorrupsiya qurumlarının konstitusion təminatlarının möhkəmləndirilməsidir.

Qeyd olunur ki, Konstitusiyanın dəyişdirilməsi seçkilərin nəticələrindən asılı olacaq. Layihənin referenduma çıxarılması üçün parlament üzvlərinin üçdə iki səs çoxluğu tələb olunur, sadə səs çoxluğu isə kifayət etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin