Ermənistan KİV-i: Qarabağ müharibəsinin birinci mərhələsi illərində İranın diplomatik və dostluq addımları (FOTOLAR)

2026/03/1774360893.jpg
Oxunub: 955     16:34     24 Mart 2026    
Qarabağ müharibəsinin birinci mərhələsi zamanı Ermənistanın dost və qonşu ölkəsi olan İran İslam Respublikası Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik missiyaları ilə çıxış edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” saytı “Qarabağ müharibəsinin birinci mərhələsi illərində İranın diplomatik və dostluq addımları” başlıqlı məqaləsində yazıb.

Məqalədə bildirilir ki, İranın bu addımları xüsusilə ATƏT-in Minsk qrupunun formalaşmasına qədər, yəni 1992-ci ilə qədər çox fəal olub. Həmin dövrdə İran bir çox praktik addımlar atıb.

“O dövrün mətbuatını, xüsusilə də İranda nəşr olunan “Alik” qəzetini vərəqləyərkən, dost və qonşu İranın həyata keçirdiyi praktiki addımlar barədə çoxsaylı məqalələrə rast gəlinir.

Xüsusilə qəzetin 1992-ci il nömrələrinin birində İran Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan rəhbərliyi ilə görüşləri haqqında oxuyuruq.


“Qarabağ məsələsini sülh yolu ilə həll etmək istiqamətində İran İslam Respublikasının vasitəçiliyinin 3-cü mərhələsində dünən xarici işlər nazirinin köməkçisi Mahmud Vaezi Bakı və İrəvana yola düşdü. Bu səfər zamanı o, münaqişənin bütün tərəfləri ilə görüşməyi planlaşdırır. Dünən Bakıda Vaezi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Məmmədov və həmin respublikanın Ali Sovetinin sədri ilə görüş keçirdi. Görüşlər zamanı Tehranda əldə olunmuş razılaşmanın həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edildi. Gözlənilir ki, Vaezi bu gün İrəvana gedərək Ermənistanın məsul şəxsləri ilə görüşəcək”. (“Alik”, Tehran, 1992, № 59)


Sonrakı nömrələrdən artıq məlum olur ki, İranın səyləri və praktiki addımları nəticəsində Qarabağda atəşkəs əldə olunur”, - deyə nəşr bildirib.


KİV-ə görə, diqqətəlayiqdir ki, İran Ermənistan, “Qarabağ” (ləğv edilmiş qondarma qurum-red.) və Azərbaycan rəhbərləri ilə danışıqlar aparırdı.



“İran İslam Respublikasının xarici işlər nazirinin köməkçisi Mahmud Vaezi İranın vasitəçiliyi ilə Qarabağ məsələsinin sülh yolu ilə həlli məqsədilə martın 17-dən etibarən regiona səfər edib. O, Bakı, İrəvan və Xankəndidə bir neçə gün ərzində Ermənistanın, Azərbaycanın və “Qarabağ”ın nümayəndələri ilə Tehranın bəyanatlarının həyata keçirilməsi ilə bağlı müxtəlif görüşlər keçirib. Bu danışıqlardan sonra cümə günü, martın 20-də günorta saat 12 radələrində tərəflərin razılığı ilə Qarabağda bir həftəlik atəşkəs elan edildi”. (“Alik”, Tehran, 1992, № 60)

“İran İslam Respublikasının xarici işlər nazirinin köməkçisi və vasitəçilik nümayəndə heyətinin rəhbəri Vaezi Qarabağdakı vəziyyətə birbaşa nəzarət etmək məqsədilə dünən Bakıdan həmin bölgəyə yola düşüb. Ağdam və Xannkəndidə yaradılmış atəşkəsə nəzarət komitələrinin məlumatına görə, cümə gecəsi Füzuli istiqamətində toqquşmalar baş verib və nəticədə atəşkəs pozulub. IRNA-nın məlumatına görə, dünən səhər tezdən vasitəçilik nümayəndə heyəti vəziyyətə nəzarət etmək üçün geniş səylərə başlayıb, cənab Vaezinin və onu müşayiət edən nümayəndə heyətinin bölgəyə səfəri məhz bu məsələ ilə bağlıdır”. (“Alik”, Tehran, 1992, № 64)

Həmin dövrdə “Alik” qəzetində həmçinin Azərbaycan Qarabağda ermənilərin tərəfində İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçülərinin də iştirak etdiyi barədə xəbərlər yayırdı və İran bunu rəsmi şəkildə təkzib etmişdi.

“Aprelin 2-də Ermənistan Xarici İşlər Nazirliyi İranda fəaliyyət göstərən müvəqqəti işlər vəkili B. Qasemin rəsmi bəyanatını yayıb. Bəyanatda Qarabağ münaqişəsində “İslam İnqilabı Keşikçiləri” təşkilatından 300 muzdlu döyüşçünün iştirak etməsi barədə məlumatın həqiqətə uyğun olmadığı bildirilib və təkzib edilib”. (“Alik”, Tehran, 1992, № 64)

Bu nəşrlər Qarabağ münaqişəsi zamanı İran İslam Respublikasının regionda sülhün bərqərar olunmasında fəal rol oynamağa çalışdığını göstərir”, - deyə müəllif qeyd edib.


Nəşrin yazdığına görə, Tehranın təşəbbüsü ilə keçirilən görüşlər, atəşkəs əldə etmək cəhdləri və onun həyata keçirilməsinə nəzarət üçün görülən tədbirlər göstərir ki, İran müharibənin daha da kəskinləşməsinin qarşısını almağa çalışırdı.

“Bunlar tarixi faktlardır və Ermənistan-İran dostluğu haqqında məlumat verir”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin