“BAE Systems” APKWS istehsalında yeni mərhələni keçdi

2026/02/hgj45-1772186948.jpg
Oxunub: 405     14:08     27 Fevral 2026    
“BAE Systems” APKWS (Advanced Precision Kill Weapon Systems) lazer tuşlama dəstinin 100 mininci təhvilini həyata keçirərək istehsalda mühüm mərhələyə çatdığını bildirib.

Ordu.az xəbər verir ki, müxtəlif təhdidlərə qarşı mübarizə aparmaq üçün hazırlanmış, döyüş meydanında özünü doğrultmuş çoxfunksiyalı həll olan APKWS lazer tuşlama dəsti xərc baxımından səmərəli əməliyyatlara imkan yaradır.

Sistem hazırda beynəlxalq əməliyyat mühitində pilotsuz uçuş aparatları kimi aktual təhdidlərə qarşı mübarizədə də fəal şəkildə istifadə olunur.

Mövzu ilə bağlı açıqlama verən “BAE Systems” şirkətinin Dəqiq İdarəetmə və Sensor Həlləri üzrə direktoru Neeta Cayaraman bildirib: “On ildən artıq müddətdə sübut olunmuş performans, etibarlılıq və dəqiqlik nümayiş etdirən APKWS idarəetmə dəstləri dünya üzrə dəqiq zərbə tapşırıqlarını dəstəkləyib. Bu mərhələ innovativ texnologiyanı sürətli və geniş miqyasda təqdim etmək qabiliyyətimizi göstərir. Yeni istehsal müqaviləmizlə qarşıdakı illərdə dəyişən əməliyyat tələblərini dəstəkləməyə hazırıq”.

Aşağı xərcli və döyüşdə sınaqdan keçmiş sistem

İdarə olunmayan 2,75 düymlük raketləri dəqiq idarə olunan sursatlara çevirən APKWS Böyük Britaniyada yerləşən “BAE Systems” şirkəti tərəfindən hazırlanıb. İdarəetmə dəsti olan APKWS idarə olunmayan raketləri müasir dinamik hərbi qarşıdurmalar üçün uyğun partlayıcı təsirə və mənzil imkanlarına malik dəqiq idarə olunan sursatlara çevirir. Sistem “Mk66 Mod 4” raket mühərrikindən istifadə edir. 4,5 kiloqram ağırlığında döyüş başlığı daşıyan sistem yüksək dəqiqliyi ilə yanaşı saniyədə 1 000 metrə qədər sürət yığa bilir.

APKWS raketləri döyüşdə sübut olunmuş imkanlara malikdir və təyyarələrdən, helikopterlərdən, quru nəqliyyat vasitələrindən, dəniz platformalarından və silah stansiyalarından müxtəlif sabit və hərəkətli hədəflərə zərbə endirmək çevikliyinə sahibdir. Bundan əlavə, dəstin “qoş-işlət” tipli konstruksiyası onun müxtəlif platformalarda istifadəsini mümkün edir.

Sistemin husilərin istifadə etdiyi kamikadze pilotsuz uçuş aparatlarının məhv edilməsində effektiv tətbiqi onun döyüş şəraitində etibarlılığını sübut edir. Bundan əlavə, sistemin Ukraynada da istifadə olunduğu məlumdur. Bir ədədinin qiymətinin 22 000 ABŞ dolları olduğu təxmin edilən APKWS aşağı xərcli hava təhdidlərinə qarşı sərfəli həll təqdim edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAE-Systems   APKWS  


Bizi "telegram"da izləyin