Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində jurnalistlərlə söhbətində Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Dadunts bildirib.
“Bir çox mövzuları artıq Konstitusiya Şurasında müzakirə etmişik, həmçinin elə işlənmiş variantlarımız var ki, hələ Şurada təqdim olunmayıb. Lakin diqqət yetirmisinizsə, artıq demək olar ki, hər həftə iclaslar keçirilir. Ən azı 1-2 məsələ və ya 1-2 mövzunu Şura ilə müzakirə edə və onun təsdiqini ala bilirik. Ümid edirik ki, mart ayı ərzində tam olmasa da, bir çox mövzular artıq Şura tərəfindən müzakirə olunmuş və təsdiqlənmiş olacaq. Əgər bütün mövzuları Şura ilə müzakirə etməyə çatdırmasaq belə, hər halda layihəni yekunlaşdıracağıq. Dərc olunması məsələsini hələ müəyyənləşdirəcəyik, lakin layihə artıq ümumiləşdirilmiş formada olacaq”, - deyə o qeyd edib.
Daduntsun sözlərinə görə, mart ayından etibarən Şuranın səlahiyyətlərinin başa çatacağı və onun fəaliyyət göstərməyəcəyi kimi bir vəziyyət yoxdur: “Şura layihə referendumda səsverməyə çıxarılanadək fəaliyyətini davam etdirəcək”.
Sənədin dərc olunması ilə bağlı niyə hələ qərar verilmədiyi sualına o belə cavab verib: “Biz əmin olmalıyıq ki, mətn tamdır və boşluqlar yoxdur. Əgər əmin olsaq ki, mətn ən azı bizim qiymətləndirməmizə görə tamdır və həmçinin Şura ilə müəyyən konsensus əldə etsək ki, sizinlə işi davam etdiririk, amma paralel olaraq ictimaiyyət də məlumatlı olsun, fikrimcə, problem olmayacaq. Hər halda, hansısa mərhələdə mətn dərc ediləcək. Biz ictimai məlumatlandırma planını da Şuraya təqdim etmişik. Şuranın müzakirə etdiyi mövzular və fəsillər üzrə vətəndaş cəmiyyəti ilə də müzakirələr aparmışıq”.
Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad məsələsinə gəldikdə isə, erməni nazir müavini bildirib ki, Baş nazir Nikol Paşinyanın konstitusiyanın preambulası ilə bağlı mövqeyi nəzərə alınacaq, lakin bu məsələyə hələ toxunulmayıb.
“Şəxsən siz konstitusiyanın preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasının tərəfdarısınızmı?” sualına Dadunts belə cavab verib: “Bu məsələ artıq yüksək səviyyədə müzakirə olunub, Baş nazir də bu barədə danışıb və biz də hökumətin nümayəndələri olaraq bunu nəzərə alırıq. Artıq bu məsələni ayrıca müzakirə etmirik”.
Alpər Mövludoğlu
Ordu.az