Serj Sarkisyanın işi üzrə sübutların araşdırılması mərhələsi başlayıb

2026/02/1771997691.jpg
Oxunub: 418     20:24     26 Fevral 2026    
Ermənistan Antikorrupsiya Məhkəməsində hakim Aram Qriqoryanın sədrliyi ilə bu gün ölkənin 3-cü prezidenti, Ermənistan Respublikaçılar Partiyasının sədri Serj Sarkisyanla bağlı cinayət işinin baxışı davam etdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, iş onun müdafiə naziri olduğu dövrdə İsakov prospektində yerləşən torpaq sahələrinin özgəninkiləşdirilməsi ilə bağlıdır.

Bu gün keçirilən məhkəmə iclasında sübutların araşdırılması mərhələsi başlayıb.

Xatırladaq ki, əvvəlki iclasda dövlət ittihamçıları Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan barəsində ittiham aktını oxuyublar.

Sarkisyan ittiham aktına münasibət bildirərək deyib ki, əgər şəxsi maraq olsaydı, torpaq sahələrinin niyə satılmadığı sualını heç kim qaldırmazdı.

“Mən həmin torpaq sahələrini yalnız Müdafiə Nazirliyinin kompleksinin tikintisini başa çatdırmaq üçün satmaq imkanı yaratmışam. Nə prokurorları, nə də müstəntiqləri maraqlandırmayıb ki, Müdafiə Nazirliyinin binası hansı şəraitdə yerləşirdi. Əgər zəhmət çəkib maraqlansaydılar, mənim bunu niyə etdiyimi anlayardılar”, - deyə Sarkisyan bildirib.

Qeyd edək ki, ittihama əsasən, Serj Azat Sarkisyan 2000-ci il mayın 20-dən 2007-ci il aprelin 4-dək Ermənistanın müdafiə naziri vəzifəsini tutaraq, konstitusiyanın 85-ci maddəsinə uyğun olaraq hökumət üzvü olub, “Müdafiə haqqında” qanunun 10-cu maddəsinə əsasən silahlı qüvvələrə birbaşa rəhbərlik edib və 16.03.2002-ci il tarixli HN-1064 nömrəli prezident fərmanına əsasən müdafiə sahəsində hökumət siyasətinin hazırlanması və həyata keçirilməsini təmin edən respublika icra orqanının rəhbəri kimi fəaliyyət göstərib. O, Müdafiə Nazirliyi sisteminə daxil olan qurumların fəaliyyətini idarə etmək, təşkil etmək və nəzarət etmək, dövlət əmlakının sərəncamı, istifadəsi və idarə olunmasına nəzarət etmək, səlahiyyətləri çərçivəsində normativ aktlar qəbul etmək, əmrlər və göstərişlər vermək, etibarnaməsiz Ermənistan və ya nazirlik adından çıxış etmək səlahiyyətinə malik olub və beləliklə, daimi olaraq təşkilati-idarəetmə və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirərək vəzifəli şəxs hesab olunub.

Bundan əlavə, prokurorun məlumatına görə, 05.11.2025-ci ildə Serj Sarkisyan barəsində 18.04.2003-cü il tarixli Ermənistan Cinayət Məcəlləsinin 311-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndi ilə (qüvvədə olan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndinə uyğun) ictimai cinayət təqibi başlanıb.

Qeyd edək ki, Ermənistan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi xüsusilə külli miqdarda rüşvət alma ilə bağlıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin