Paşinyandan Tuska: “Ermənistanı Aİ-yə və Avropa standartlarına uyğun ölkəyə çevirməliyik”

2026/02/Ekran-1772122982.jpg
Oxunub: 425     20:18     26 Fevral 2026    
“Uzun müddətdir ki, Polşaya yüksək səviyyəli səfər həyata keçirilməyib və hesab edirəm ki, bu səfər ikitərəfli münasibətlərimizdə yeni mərhələnin başlanğıcını elan edir və təsbit edir”.

Ordu.az xəbər verir ki, bunu bu gün Polşada həmin ölkənin Baş naziri Donald Tusk ilə birgə bəyanat zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bu gün sizinlə Polşanın Baş naziri kimi görüşürük, amma Ermənistanın sizinlə bağlı çox parlaq xatirələri var və Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində fəaliyyətinizi yüksək qiymətləndirir. Ermənistan demokratik islahatlar yolunda sizin dəstəyinizi hər zaman hiss edib. Mənim şəxsi təcrübəm də həmin dövrdə böyük etimad ehtiyatı formalaşdırıb və buna görə, eləcə də Polşanın Ermənistana müxtəlif istiqamətlərdə və sahələrdə, o cümlədən Aİ çərçivəsində göstərdiyi dəstəyə görə sizə təşəkkür etmək istəyirəm. Biz bu dəstəyi hiss etmişik”, - deyə o bildirib.

Paşinyan Polşanın Baş nazirinin ötən il Ermənistanda Aİ-yə üzvlük prosesinin başlanması haqqında qəbul edilmiş qanunla bağlı verdiyi qiymətləndirməni vacib sayıb.

“Sizin səsləndirdiyiniz təşviqedici sözlər bizə yeni inam verir ki, demokratik islahatlar yolunu daha inamla davam etdirək. Bu yolda əsas vəzifəmiz Ermənistanı Aİ standartlarına uyğun ölkəyə çevirməkdir.

Gizlətmirəm və siz də bunu eşitmədən bilirsiniz ki, demokratik islahatlar çox mürəkkəb prosesdir. Bu proses çətinliklər, şübhələr, ittihamlar doğurur və xüsusilə bugünkü dünyada bəzən belə təsəvvür yaratmağa çalışırlar ki, demokratik ölkə zəif ölkə deməkdir. Guya demokratik ölkə öz təhlükəsizliyini təmin və müdafiə edə bilmir.

Hesab edirəm ki, Polşa bu baxımdan çox parlaq nümunədir, demokratiyanın güclü təhlükəsizlik sistemi, güclü iqtisadiyyat və beynəlxalq arenada güclü tərəfdaşlıqla necə uzlaşa biləcəyini göstərir.

Bu mənada məmnuniyyətlə qeyd edirəm ki, ənənəvi tarixi əlaqələrimizə demokratik islahatlar gündəliyimiz də əlavə olunur və bir daha vurğulamalıyam ki, Polşanın Ermənistanın demokratik islahatlarına və regionumuzda gedən sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndiririk”, - deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyan xatırladıb ki, Ermənistan sülh strategiyası seçdiyini elan edəndə və o, parlamentdə sülh prosesi ilə bağlı baxışını təqdim edəndə müxalifət deputatlarından biri belə reaksiya verib: “Cənubi Qafqaz haqqında elə danışırsınız ki, sanki Avropadan danışırsınız”.

“Mənim cavabım belə idi: biz əminikmi ki, Avropanın tarixini yaxşı bilirik? Avropa bu baxımdan bizim üçün nümunədir və açıq desəm, məhz Avropanın çox mürəkkəb və çox amansız tarixi bizi nəticədə bu qənaətə gətirib ki, sizin də qeyd etdiyiniz kimi, sülh həqiqətən ən vacib məsələdir.

Sülhə qarşı arqumentlər həmişə var, lakin sülhün, demokratiyanın və azadlığın alternativsizliyini göstərən arqumentlərə söykənmək və onları müdafiə etmək çox vacibdir.

Polşanın keçdiyi azadlıq yolu və demokratik cəmiyyət quruculuğu prosesi bizim üçün, əlbəttə ki, nümunəvidir.

Sizi may ayında Avropa Siyasi Birliyinin İrəvan sammitində böyük məmnuniyyətlə gözləyirəm”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Tusk  


Bizi "telegram"da izləyin