Silah sənayesində yeni istiqamət: Pekin Körfəzə daxil olur

2026/02/f21g2-1771841274.jpg
Oxunub: 472     16:36     13 May 2026    
Çin Körfəz bölgəsində hərbi mövqelərini gücləndirməyə çalışsa da, ABŞ hələ də regionun təhlükəsizlik üzrə alternativsiz tərəfdaşı olaraq qalır.

Ötən ilin avqustunda Çin və Küveyt hərbi əlaqələri daha da yaxınlaşdırmağa söz verdilər və həmin vaxt tikilməkdə olan sursat müəssisəsi bu əməkdaşlığın mərkəzində idi. Bu həftə Küveytin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabah ölkənin silahlı qüvvələri üçün atıcı silahlar üzrə sursat istehsal edəcək ilk yerli müəssisənin açılışında iştirak edib. Açılış mərasimində Şeyx Əhməd “istehsalın rəsmi başlanmasını” simvolizə edən düyməni basıb. Bu barədə Küveyt Xəbər Agentliyi məlumat yayıb.

Mərasimdə Çinin Küveytdəki baş konsulu Lyu Syan və Çin dövlətinə məxsus silah istehsalçısı olan Çin Şimal Sənaye Korporasiyasının (Norinco) ovaxtkı baş icraçı direktoru Ci Vey də iştirak edib. Ci bildirib ki, birgə tərəfdaşlığın məqsədi “yüksək keyfiyyətli sursat istehsal etmək, idarəetmə və texniki təcrübəni ötürmək, milli kadrları hazırlamaqdır”.

Çinin Yaxın Şərqdə dayağı

2020-2024-cü illərdə dünyanın 10-cu ən böyük silah idxalçısı olan Küveyt hərbi texnikasının böyük hissəsində idxaldan asılı olub. ABŞ uzun müddət ölkənin əsas təchizatçısı olub və 2010-2019-cu illərdə Küveytin müdafiə idxalının 70-75 faizini təmin edib.

“Naif” Yüngül Sursat Zavodu Küveytin ilk sursat istehsalı müəssisəsidir və onun açılması Körfəz dövlətinin özünütəminatı gücləndirmək və yerli hərbi sənaye bazasını genişləndirmək səylərinin bir hissəsidir. Yeni zavod əsasən NATO standartlarına uyğun sursat, o cümlədən 9 mm, 5.56 mm, 7.63 mm və 12.7 mm (.50 kalibr) patronlar istehsal edəcək.

Çin yerli heyətin hazırlanması və peşəkar bacarıqların artırılması üçün ekspert dəstəyi göstərəcək.

Sursat zavodundan əlavə, Pekin 1971-ci ildə qurulmuş uzunmüddətli strateji tərəfdaşlıq çərçivəsində Küveytlə əməkdaşlığı davam etdirir. Əməkdaşlıq əsasən enerji və infrastruktur sahələrinə yönəlib, son illərdə isə müdafiə sahəsinə daha çox diqqət ayrılıb.

Çin Küveytdə sursat zavodu və liman infrastrukturunun genişləndirilməsi də daxil olmaqla layihələrə 4,1 milyard dollar sərmayə yatırıb. Limanların genişləndirilməsi həm Çinin “Kəmər və Yol” təşəbbüsü, həm də Küveytin “Vizyon 2035” proqramı ilə uzlaşır.

Çinin Yaxın Şərqlə uzun hərbi tarixi

Yeni sursat müəssisəsinin tikintisi həm də xatırladır ki, barıt IX-XI əsrlər arasında Çində ixtira olunsa da, İpək Yolu vasitəsilə qərbə yayılaraq XIII əsrin ortalarında Yaxın Şərqə çatıb. Həsən ər-Rammah kimi Yaxın Şərq alimləri onun tərkibini təkmilləşdiriblər və nəticədə barıt Avropaya ötürülərək 1350-ci ilə qədər müharibə sənətində inqilab yaradıb.

Bu gün Küveyt getdikcə daha çox Çinə yönəlir və Çin istehsalı olan 155 mm-lik PLZ-45 haubitsalarının bir neçə partiyasının alınmasına dair razılaşmalar bağlayıb. Küveyt və Pekin 2019-cu ildə başlayan birgə hərbi təlim proqramlarını da genişləndirə bilər.

Buna baxmayaraq, Küveytin ABŞ ilə sıx hərbi tərəfdaşlığını qoruyub saxlaması demək olar ki, qaçılmazdır. Körfəz regionunda buna ən çox əsas olan ölkə məhz Küveytdir, 1991-ci ildə ABŞ 1990-cı ildə Səddam Hüseynin İraqı tərəfindən işğal edilərək ilhaq olunmuş ölkəni azad etmək üçün beynəlxalq koalisiyaya rəhbərlük edib. Küveyt hazırda da ABŞ-nin bir neçə hərbi bazasına və obyektinə, o cümlədən “Arifcan” düşərgəsi (Ordu Mərkəzi Komandanlığının irəli qərargahı), “Əli əl-Səlim” bazası və “Bührinq” düşərgəsinə ev sahibliyi edir.

Bu obyektlər ABŞ-nin Yaxın Şərqdəki əməliyyatları üçün mühüm əhəmiyyət daşıyır və hazırda ölkədə təxminən 13 500 amerikalı hərbçi yerləşdirilib. Çinin yaxın zamanda bu mövcudluğu əvəz etməsi ehtimalı azdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Küveyt  


Bizi "telegram"da izləyin